Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi başa çatıb. SİA-nın xəbərinə görə, vida mərasiminə mərhumun ailə üzvləri, yaxınları, Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, ombudsman, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan və digər qonaqlar da iştirak edib.
Vida mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Murtuz Ələsgərovun Azərbaycan konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub. Murtuz Ələsgərovun Azərbaycanda hüquq məktəbinin yaradıcılarından biri olduğunu deyən nazir qeyd edib ki, onun ictimai–siyasi və elmi fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymət verilib: "Murtuz Ələsgərovun əziz xatirəsi işçiləri, tələbələri və bir sözlə onu sevən hər kəsin qəlbində daima yaşayacaq".
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə çıxışında deyib ki, Murtuz Ələsgərovun bütün həyatı Azərbaycanın inkişafına, müstəqilliyinin qurulmasına həsr olunub. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərində onun kimi ziyalı mövqeyinə ehtiyac var idi: "Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olan Murtuz Ələsgərovun ümummilli liderin ideyalarının həyata keçirilməsində böyük xidmətləri olub. Onun həmçinin, hakim partiyanın yaradılmasında, parlament ənənələrinin formalaşmasında müstəsna xidmətlər göstərib".
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə Murtuz Ələsgərovun dərin savadı, alicənablığı ilə seçilən əsl Azərbaycan ziyalısı olduğunu deyib: "Onu xatırlayarkən gözlərin önündə dərin savadı, mədəniyyəti, alicənablığı ilə seçilən azərbaycanlı siması dayanır. Onun parlamentə rəhbərlik etdiyi dövr ən gərgin zamanları əhatə edib. Lakin buna baxmayaraq Murtuz Ələsgərov peşəkar parlamentin yaradılması üçün çox işlər görüb. Müstəqil Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasında görmək onun ən böyük arzusu idi.
Ali Məhkəmənin sədri Ramiz Rzayev isə qeyd edib ki, Murtuz Ələsgərov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi bazanın yaradılmasında ümummilli lider Heydər Əliyevin ən yaxın məsləkdaşı olub. Onun fikrincə, bu gün onun tələbələri ölkənin bütün sahələrində, ən əsası isə hüquq-mühafizə orqanlarında çalışır.
Daha sonra BDU-nun rektoru Abel Məhərrəmov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla mərhumla bağlı fikirlərini bölüşüb.
Murtuz Ələsgərovun oğlu, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə atasının hər zaman mərdlik və prinsipiallığı ilə seçildiyini deyib. İnsanın hər zaman ata qayğısına, nəvazişinə ehtiyac duyduğunu deyən F.Ələsgərov Prezidentə başsağlığına görə minnətdarlığını bildirib: "O hər zaman Heydər Əliyev ideyalarına sadiq qalıb. Bundan sonra ailəsi də bu ideyalarına sadiq qalaraq onu hər zaman hörmətlə xatırlayacaq".
Mərasim başa çatdıqdan sonra mərhum birinci Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rəsizadə, müdafiə naziri Səfər Əbiyev, təhsil naziri Misir Mərdanov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB