Axtarışda olan 202 nəfər ələ keçib

Axtarışda olan 202 nəfər ələ keçib

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin iyul ayı ərzində dövlət sərhəddinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 67 halda 112 nəfər saxlanılıb. Onların 68 nəfəri Azərbaycan Respublikası , 11 nəfəri Əfqanıstan, 10 nəfəri Özbəkistan, 7 nəfəri İran İslam Respublikası, 7 nəfəri Nigeriya, 3 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri İsrail, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Çin vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən 7 halda 13 nəfər, Xəzər dənizində sahil boyu rejim qaydalarını pozarkən 12 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 202 nəfər aşkarlanaraq aidiyyatı orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 20 kiloqram 165,3 qram narkotik maddənin dövlət sərhəddindən keçirilməsinin qarşısı alınıb.

10 iyul 2012-ci il tarixində "Astara"Sərhəd Nəzarəti Məntəqəsində İrandan Azərbaycana keçmiş, 1977-ci il təvəllüdlü Nobat Niyar Əlinin idarə etdiyi "Reno" markalı İR 21-290 dövlət nömrə nişanlı avtobusa gömrük orqanları ilə birlikdə baxış keçirilərkən yüklərin arasında gizlədilmiş 7 kiloqram 977 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

18 iyul tarixində Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının dəniz sərhədini pozmuş 3 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılıb. Saxlanılarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Dövlət Sərhəd Xidmətinin dalğıcları dənizin dərinliyində 10 kq narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarıblar.

20 iyul 2012-ci il tarixində Astara rayonunun Sim kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçaraq geriyə qayıtmağa müvəffəq olublar. Əraziyə baxış keçirilərkən 1030 qram həşiş, 1,3 qram heroin aşkarlanaraq götürülüb.

30 iyul 2012-ci il tarixində "Astara" Sərhəd Nəzarəti Məntəqəsində İrandan Azərbaycana keçmiş, 1980-ci il təvəllüdlü Vəfadar Mehdi Məhəmmədin idarə etdiyi "Donq-Feng" markalı 78-A-529 dövlət nömrə nişanlı avtomobilə sərhəd və gömrük baxışı keçirilərkən yük yürində gizlədilmiş 912 qram həşiş aşkarlanaraq götürülüb.

Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş-2012" şərti adı altında keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Orucməhlə, Balakən rayonunu Meşəşambul kəndləri ərazisində ümumi çəkisi 48,5 kq olan yabanı halda bitmiş çətənə kolları toplanıb, yandırılaraq məhv edilib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Türkmənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilib, dənizdən 700 metr tor aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyard 886 min 750 manat olan qaçaqmal, o cümlədən 3 ədəd tüfəng, 23 ədəd patron, 10 ədəd giliz, patron üçün 1 ədəd kəmər, 1 kiloqram qırma, 0,55 kiloqram barıt, tir tüfəngi üçün 3600 ədəd saçma, 1 milyon 900 min Avropa valyutası, 301 ABŞ valyutası, 967 ədəd zinət əşyası, 2 ədəd gizli qələmkamera, 2 ədəd qulaqasma böcəyi, 1 ədəd bıçaq, 3 ədəd qayıq, 462 ədəd mobil telefon, mobil telefonlar üçün 853 ədəd aksesuar, 2575 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərinizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə