Murtuz Ələsgərov son mənzilə yola salınır

Murtuz Ələsgərov son mənzilə yola salınır

Bu gün Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi keçirilir. SİA-nın verdiyi xəbərə görə, mərhumun cənazəsi vida üçün Mədəniyyət Mərkəzinə gətirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdə iştirak edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan da var.

Məlumat üçün bildirək ki, vida mərasimi saat 17.00-dək davam edəcək. Mərasim başa çatdıqdan sonra mərhum birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb. Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi.

Tanınmış ictimai-siyasi xadim, nüfuzlu hüquqşünas-alim və təcrübəli pedaqoq Murtuz Nəcəf oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə