Bakı Zooparkında heyvanlar "yanır" ARAŞDIRMA

Bakı Zooparkda xüsusi qəfəslərdə saxlanılan heyvanlar qızmar günəşin istisində əziyyət çəkir. Mindən artıq heyvan növü olan Bakı zooparkında heyvanlar da istiyə təslim olublar. Ayı müşahidə etdiyimiz müddətdə tərpənməsəydi onu ölü saymaq olardı. İstini yatmaqla yola verən isə təkcə ayı deyildi. Bakı zooparkına Çexiyadan gətirilən yeni kenqurular da yuxulayırdılar. Şirlər isə qəfəslərinin gün düşməyən bir küncünə sığınıb dincəlirdilər. Bakı zooparkına gətirilən su qabının yanında boynunu büküb dayanan meymun da istinin təsirindən meymunluq edə bilmirdi. Taqətdən düşən meymun ətrafı susqun bir şəkildə seyr edirdi. Onların qulluğuna və qidalanmasına gəlincə, Bakı Zooloji Parkının şöbə müdiri Esmira Əhmədova dedi ki, qış mövsümünə nisbətən yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar qidalar azaldılıb. Bununla belə onların istidən əziyyət çəkməməsi üçün hovuzlar quraşdırlıb, sərinləşdirici yerlər salınıb.

Cəhənnəm istisi bir tək adına səhra gəmisi də deyilən dəvələrə təsir etməmişdi. Uzunayaq flaminqolar isə gün ərzində növbəli şəkildə hovuzda sərinlənirdilər. Bu arada onu da öyrəndik ki, artıq zooparka yeni heyvan növləri də gətirilib. Bakı Zooparkı uşaqların, həmçinin onların valideyinlərinin də ən sevimli yerlərindən biridir.

Qeyd edək ki, prezident İlham Əliyev hələ 4 il qabaq "Abşeron rayonu ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, zooparkın tikintisi üçün dövlət başçısının 2012-ci il üçün ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 4,5 milyon manat vəsait ayrılır. Zoopark Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun yaxınlığında tikiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə