Uzun illər Azərbaycan Milli Məclisinə sədrlik etmiş tanınmış ictimai-siyasi xadimi Murtuz Ələsgərov bu gün 84 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra bu gün Mərdəkanda, bağ evində dünyasını dəyişib. Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovun son mənzilə hazırlığı ilkin olaraq Təzəpir Məscidində başlanıb. SİA-nın məlumatına görə, mərhumun mərasimində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri və digər rəsmilər iştirak edib.
Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb. Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi.
Qeyd edək ki, mərhum sabah torpağa tapşırılacaq. Sabah səhər saatlarından başlayaraq sabiq spikerlə vida mərasimi keçiriləcək. Vida mərasiminin Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur. Murtuz Ələsgərovun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB