Bodrumda keçirilən forum davam edir

Bodrumda keçirilən forum davam edir

Avqustun 5-dən etibarən Türkiyənin Bodrum şəhərində keçirilən "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum bu gün də öz işini davam etdirib. Forum çərçivəsində bu gün müxtəlif görüş və tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, forum zamanı Ümumrusiya Azərbaycan Konqresi regional təşkilatları rəhbərlərinin də görüşü keçirilib. Görüşdə Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlər haqqında məsələlər də müzakirə olunub.

Forum çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşü baş tutub. Ə.Həsənov Ukrayna Azərbaycanlıları Konqresinin bu ölkədə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin yaradılmasında mühüm rol oynadığını deyib. N.İbrahimov isə qurumun Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası sahəsində bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edərək, bu təşkilatı daha da gücləndirməyə ehtiyac duyulduğunu vurğulayıb.

Forum çərçivəsində xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, diaspor və lobbi quruculuğu sahəsində qarşılaşdığı problemlər və onların həlli yolarına dair də müzakirələr aparılıb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, təşkilat üzvlərinin ölkənn ictimai-siyasi həyatında fəal iştirak etməyə çalışdığını diqqətə çatdırmışdır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Emin Hacıyev "Xocalıya Ədalət!" kampaniyası kimi önəmli layihələrə bütün gənc diaspora təşkilatlarının qoşulmasını və bu təcrübədən yararlanaraq başqa digər kompaniyalar başlatmağı təklif edib. Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının nümayəndəsi Hikmət Nağdəliyev 2013-cü ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc diaspora təşkilatlarının təşəbbüsü ilə hər ölkədən iki nəfər əcnəbi gənci Azərbaycanla tanış olmaq məqsədilə yay tətilinin 10 gününü Azərbaycanda keçirməsi təklifi ilə çıxış edib.

Müzakirələr zamanı bir sıra təkliflər də səsləndirilib. Belə ki, 2013-cü ildə Dünya Azərbaycanlı Gənc Alimlərin forumunun təşkili ideyası da səslənib və xaricdə təhsil alan aparıcı elm ocaqlarının jurnalistika fakultəsinin əcnəbi və azərbaycanlı gənc tələbələri üçün "Azərbaycanı kəşf et" şüarı altında səfərlərin təşkil edilməsi təklifini irəli sürülüb.

Forumun panellərində Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Azərbaycan İsveç Federasiyasının sədri Səttar Sevgin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov, Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov, Ukrayna Azərbaycanlıları Konqresinin Məclis sədri Akif Gülməmmədov çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə