Dövlət qurumlarına tövsiyyələr göndərilib

Reklamlara nəzarət edəcək ayrıca qurumun yaradılması təkilf olunur

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin (ABUC) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi yekunlaşmaq üzrədir. Layihənin koordinatoru Məlahət Xəlilovanın verdiyi məlumata görə, layihənin yekununda hazırlanan tövsiyyələr müvafiq qurumlara göndərilib.

Milli Məclisin Mədəniyyət komitəsinə, Milli Teleradio Şurasına, AMEA Nəsimi adına Dilçilik İnstitutuna, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış tövsiyyələrdə reklamlara ictimai nəzarət artırılması, ayrıca Reklam Şurasının yaradılması, dövlət dilinin qorunması ilə bağlı telekanallarla effektiv iş aparan və xeyli uğurlu nəticəyə nail olan MTRŞ-nin reklamların dili və təqdimatı məsələsinə də diqqət ayırması, televiziyalarda infeksion xəstəliklərlə bağlı maarifləndirmə, təhsilə çağırış, siqaretə, narkomaniyaya qarşı və digər sosial xarakterli reklamların artırılması təklif edilir.

ABUC həmçinin reklam qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsini də təklif edir. Hesab olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti küçə reklamlarının dilinə nəzarəti artırmalı, dövlət dilinin qorunmasını təmin etməlidir. Bunun üçün BŞİH nəzdində dilçilərdən, dizaynerlərdən, jurnalistlərdən ibarət ayrıca qurumun yaradılmasına ehtiyac var. Bu qurum vaxtaşırı monitorinqlər aparmalı və öz təkliflərini meriyanın diqqətinə çatdırmalıdır. ("OLAYLAR"İA)

Bütün xəbərlər Facebook səhifəmizdə