Ərzaq məhsulları nəzarətə alındı

Ərzaq məhsulları nəzarətə alındı

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhərində fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnalar, şərq şirniyyatları, keks və bulka məmulatları, fiziki şəxs Xanağa Məlikova məxsus sexdə çörək, fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsulları, Abşeron rayonunda fiziki şəxs Yusif Şəfiyevə məxsus sexdə "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatı və toyuq hissələri, becərilən təzə şampinyon və asılqal göbələkləri, Lənkəran rayonunda fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörək istehsalı və satışı qadağan edilib. İstehlakçıları çəkidə aldatdığına görə, "Qaradağ Tikinti Materialları" ASC tərəfindən istehsal olunan və üzərində "Qaradağ-BQZ" əmtəə nişanı ilə satışa buraxılan sementlə bağlı toplanmış faktlar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/6 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Aqil Sultanova məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Nəzaərt zamanı müəyyən olunub ki, müəssisə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalını texnoloji təlimat və resepturalar olmadan həyata keçirir. İstehsal olunan məhsulların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları yoxdur, istismar olunan ölçmə vasitələri qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə, fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Müəyyən olunub ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir, məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılmayıb, beləliklə məhsulların sınağı aparılmadan satışa çıxarılır.

Həmçinin müəssisədə istehsal olunan "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur, məhsullar sertifikat olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır. Bundan başqa normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olsa da, məhsulun saxlama kamerasında tempratur göstəricisinin -8 dərəcə C olduğu aşkarlanıb, məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilib.

Aşkar olunmuş nöqsanlara görə, fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə becərilən təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 10 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Xanağa Məlikova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılıb. Müəyyən olunub ki, müəssisə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, istismar olunan 6 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur. Müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur.

Aşkar olunmuş nöqsanlara görə, fiziki şəxs Xanağa Məlikovun rəhbərlik etdiyi sexdə çörək istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran rayonu, Vilvan kəndində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Ağababa Qasımova məxsus çörək sexində dövlət nəzarəti aparılıb. Nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, istehsal olunan buğda unundan bişirilmiş çörəyin uyğunluq sertifikatı yoxdur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməyib. Müəssisədə antisanitar vəziyyət hökm sürür.

Aşkar olunmuş nöqsanlara görə, fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolu ünvanında fəaliyyət göstərən fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsullarının istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, məhsullar qanunvericiliyin tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur, markalanma normativ sənədlərin tələblərinə uyğun aparılmır, istismar olunan 13 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş istifadə olunur. Aşkar olunmuş nöqsanlara görə, fiziki şəxs Elman Tarıverdiyevə məxsus sexdə süd məhsullarının istehsalı və satışı qadağan edilib.

İstehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması, habelə çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə istehlak bazarında satılan sementlərin normativ sənədlərin tələblərinə uyğunluğu Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırılıb. Bu məqsədlə Bakı şəhəri, Dərnəgül şossesi, 1968-cu məhəllədə yerləşən 3 nömrəli mağazadan "Qaradağ Tikinti Materialları" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunan və üzərində "Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülüb, kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçib tərəzi vasitəsi ilə çəkilib və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməyib.

Kisələrin üzərində çəkisi 40±1 kq göstərildiyi halda onların faktiki çəkisi 29,7 kiloqramdan 36,4 kiloqrama qədər təşkil edib. ГОСТ 10178 "Портландцемент и шлакопортландцемент" bənd 4.1. və ГОСТ 30515 "Цементы" bənd 5.3.4. tələblərinə uyğun olaraq sementlərin brutto çəkisi 20 kisənin çəkilməsi ilə müəyyənləşdirilir. Normativ sənədlərin tələblərinə əsasən 20 kisənin orta çəkisi 40- 0,2 kiloqramdan 40+0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil etmişdir. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən "Qaradağ Tikinti Materialları" ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılıb.

Bundan başqa, müəssisədə istehsal olunan sementin əsas keyfiyyət göstəriciləri, yəni sementin əyilmədə və sıxılmada möhkəmlik həddi normativ sənədlərin tələblərinə cavab verməyib. Belə ki, normativ sənədlərin tələblərinə əsasən sementin əyilmədə möhkəmlik həddi 5,4 Mpa-dan az olmamalı olduğu halda faktiki 3,7 MPa, sıxılmada 39,2 Mpa-dan az olmamalı olduğu halda faktiki 18,2 MPa təşkil edib.

Həmçinin məhsulların markalanması normativ sənədlərin tələblərinə uyğun deyildir. ГОСТ 10178-85 "Портландцемент и шлакопортландцемент"-in 1.4 bəndinin tələbinə görə kisələrin üzərində əlavələrin miqdarı göstərilməlidir, lakin bu halda göstərilməyib.

Aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə