Təbrizdən bir gecə...

Müqəddəs Ramazan ayı münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə Təbriz-Qaradağ aşıqlarının, ozanlarının möhtəşəm gecəsi keçirilib. SİA-nın məlumatına görə, gecədə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, folklorşünas Elxan Məmmədli,Təbriz Qaradağ aşıq, ozan sənətinin ən mahir ifaçıları iştirak edib.

Tədbiri giriş sözləri ilə açan folklorşünas Elxan Məmmədli Təbrizə həsrət qaldığımız illərə nəzər salıb: "Uzun illər ərzində hər zaman Təbriz haqqında bizim ziyalılarımız, jurnalistlərimiz, yazıçılarımızla söhbət edəndə keçmişdə yaşadığımız ağrı-acıları xatırlayırıq. Amma bu gün bura Təbrizdən qardaşlarımız gəlib və bildiyiniz kimi sazın və sözün sərhədi olmur".

Daha sonra çıxış edən Millət vəkili Qənirə Paşayeva ilk öncə hər kəsi salamlayıb: "Mən bir neçə dəqiqə bundan öncə Təbrizdən gələn qardaşlarımızın, aşıqlarımızın sözlərinə çox duyğulandım və onların Yaşa, Yaşa Azərbaycan deyən dilləri, ürəkləri var olsun deyirəm. Bu gecə məhz anamız Təbrizin adını daşıyır. Azərbaycan sözünü ümumiyyətlə Təbrizsiz düşünmək mümkün deyil. Çünki Təbriz bizim köklərimizin, qəhrəmanlıq tariximizin, musiqimizin, mədəniyyətimizin beşiyidir. Yəni Təbriz millətimizin tarixində misilsiz xidmətləri olan bir şəhərdir. Ona görə də bu gecə Təbriz adını daşıyır. Saz və sözün qüdrətinin altında Bakı Təbrizə, Borçalı Dərbəndə birləşir və bütün türk dünyası birlik qazanır. Yəni bu elə bir gücdür ki, idealogiyasından, dinindən, inancından asılı olmayan hər bir azərbaycanlını, hər bir türkü öz çətiri altında birləşdirə bilər. Biz bu gücün gecəsinə toplaşmışıq".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Təbriz- Qaradağ aşıqlarının ifalarının insanı köhnə xatirələrə köklədiyini qeyd edib.

Qeyd edək ki, tədbirin sonunda Təbriz-Qaradağ aşıqlarına "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB- yi tərəfindən hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə