İradə Dadaşova: “Hazırda çox böyük beynəlxalq layihə üzərində işləyirik” MÜSAHİBƏ

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının icraçı direktoru İradə Dadaşovanın Səs TV-yə müsahibəsi:

- İradə xanım, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının bugünkü fəaliyyət sahələri hansı istiqamətlərdədir?

- Bildiyiniz kimi, ATGTİ 2009-cu ildən fəaliyyətə başlayıb. Bu Azərbaycanda və Cənubi Qafqazda ən böyük tələbə təşkilatlarından biridir. Hazırda ittifaqımızda 80-dən çox ali və orta ixtisas müəssisəsinin tələbə-gənclər təşkilatının nümayəndələri birləşib. Bizim əsas fəaliyyət istiqamətimiz tələbələrə yönəlib. Biz çalışırıq ki, həm elmi-yaradıcı, həm də əyləncəli layihələrə üstünlük verək. Biz ictimai təşkilat olduğumuza görə, daha çox maarifləndirməyə yer ayırırıq. Buna misal olaraq Azərbaycanda Boloniya prosesini özündə əks etdirən boloniya yaddaş kitabçasını nəşr etdirdik, tələbə elmi-kitab diskini hazırladıq. Burada tələbələri maraqlandıran müxtəlif mövzular ətrafında kitablar elektron disk formasında toplanıb. Bundan başqa bizim təşkil etdiyimiz seminarlar, konfranslar, təlimlər elmi yöndən xüsusi əhəmiyyət kəsb edir. ATGTİ olaraq yaradıcı yöndən də bizim kifayət qədər tədbirlərimiz var. Buna nümunə olaraq festivalları, musiqi tədbirlərini göstərmək olar. Bununla belə bizdə artıq ənənə xarakterini almış liderlik məktəbləri təşkil edilir. Mahiyyət isə ondan ibarətdir ki, burada tələbənin vətəndaş cəmiyyətində özünü tapması, lider kimi formalaşması əsas rol oynayır. Artıq bu il 4-ü yerli biri isə beynəlxalq olmaqla 5 liderlik məktəbi layihəsi fəaliyyətə başlayacaq.

- Bəs, ATGTİ-nin gələcək planları nədən ibarətdir ?

- Biz ölkədaxili təşkilat olsaq da beynəlxalq səviyyədə kifayət qədər fəaliyyətimiz mövcuddur. İttifaq yaranan vaxtda ilk olaraq biz özümüz beynəlxalq təşkilatlara müraciət edirdik ki, onların təşkil etdikləri tədbirlərdə iştirak edək. İndi isə əksinə, onlar özləri bizə müraciət edirlər. Bir məqamı xüsusi ilə qeyd etmək istərdim ki, artıq biz ATGTİ olaraq Avropa tələbə birliyinə üzv olmuşuq. Bu Azərbaycan tələbəsinin Avropa tələbə hərəkatına qoşulması üçün birbaşa vasitə rolunu oynayır. Yay ərəfəsində bizim xeyli sayda tələbələrimiz Türkiyədə, Rusiya, Cənubi Koreya, Ruminiya kimi ölkələrdə səfərdə olub. Bizim ittifaqın nəzdində Beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir ki, bununla da tələbələr dünyaya çıxış əldə etmək imkanına malikdirlər. Biz artıq özümüz beynəlxalq tədbirlər təşkil edirik. Məsələn, 2011-ci ilin may ayında Gənclər və İdman Nazirliyi ilə birgə MDB ölkələrinin gəncləri üçün "Tələbə baharı" yaradıcılıq festivalı keçirilib. Eləcə də 2011-ci ilin yay ayında MDB ölkəsinin gəncləri üçün Beynəlxalq "Yay liderlik" məktəbi layihəsi təşkil olunub. Biz hazırda çox böyük bir beynəlxalq layihə üzərində işləyirik. Bu Azərbaycan sənayesinin inkişafının dünyaya tanıdılmasında müstəsna rola malik olacaq.

- Dövlətin gənclər siyasətinə ATGTİ- nin dəstəyi hansı formadadadır?

- Bu gün Azərbaycanda 200-dən çox gənclər təşkilatı var. Bu sahədə rəqabət daha çoxdur. Bizdə digər layihələrə nisbətən elmi layihələr qismən azlıq təşkil edir. Qarşıdakı illərdə biz bu kimi layihələrin sayını artırmaq fikrindəyik.

- İradə xanım, gənclərin beynəlxalq əlaqələrində ATGTİ- nin rolu nədən ibarətdir?

- ATGTİ yarandığı gündən gənclər siyasətini birmənalı şəkildə dəstəkləyir. Bir məqamı qeyd edim ki, 2011-2015-ci illər Dövlət gənclər proqramı təsdiqləndikdən sonra burada az da olsa ATGTİ- nin rolu olub. Bundan sonra da gənclər siyasəti bizim üçün hər zaman önəmli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...