ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi xəbər portalı olan "DVİDS"in yaydığı məlumata görə, Birləşmiş Ştatların Çevik Hava Komandanlığı və Hava və Fəza əməliyyatlarının 618 nömrəli mərkəzinin nümayəndələri respublikamızın bu ölkədəki səfir Elin Süleymanov ilə görüşdə bildiriblər ki, Azərbaycanın hava məkanından istifadəyə icazə verməsi Amerika hərbçilərinin həyatının xilas edilməsində mühüm rol oynayır.
Məlumatda qeyd edilir ki, Azərbaycan üzərindən həyata keçirilən tibbi evakuasiya uçuşları təcili tibbi yardıma ehtiyac olan yaralıların havada keçirdiyi vaxtı təxminən 1 saat 45 dəqiqə azaldır. Tibbi Hava Evakuasiyası Əməliyyatlarının başçısı Cennifer Kimmetin sözlərinə görə, bu, yaralı və ağır vəziyyətdə olan xəstələr üçün həlledici fərq ola bilər. Bundan başqa, daha qısa uçuşlar xəstələrin havada uzun vaxt keçirməsindən yaranan stresslə bağlı potensial riskləri də azaldır.
Məlumatda bildirilir ki, təkcə 2012-ci ilin yanvarından Çevik Hava Komandanlığı Azərbaycan Respublikası üzərindən 150 tibbi evakuasiya uçuşu həyata keçirib, 2 min 200 xəstəyə vaxtında yüksək tibbi yardım göstərməyə müvəffəq olub. Azərbaycanın hava məkanından istifadə hərbi zonalardan çıxarılan yaralıların sağ qalma ehtimalını artırır. Baş cərrah, briqada generalı Bart İddinsin sözlərinə görə, Azərbaycanın hava məkanından istifadə Çevik Hava Komandanlığının uğurlu fəaliyyətində mühüm rol oynayır və insanların həyatını xilas edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB