Bugün reallıq budur ki, çoxlu sayda insanın məskunlaşdığı yataqxanalar baxımsız vəziyyətdədir və binaların elektrik, qaz təminatı baxımından heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Məcburi köçkünlərin 20 ilə yaxındır məskunlaşdığı yataqxanalarda təmir işləri demək olar ki, aparılmır, eyvanlar karton, habelə tezalışan materiallar vasitəsi ilə bağlanıb. Sovet dövründən qalmış elektrik və qaz xətləri isə tələblərə cavab vermədiyindən yataqxanaları kənardan işıq xətləri çəkilib. Bu tipli yataqxanalarda qaz sobaları əsasən ümumi istifadədə olduğu üçün nəzarətsiz qalıb.
Son 2 ay ərzində məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın hadisələri bu tikililərdə yanğın təhlükəsizliyi qaydalarına nə dərəcədə riayət olunması məsələsi gündəmə gəlib. Yanğının baş vermə səbəbləri əksər vaxt elektrik naqillərində yaranan qısaqapanma olduğundan binadakı elektrik naqillərinə nəzər yetirdik. Demək olar ki, bütün naqillər qeyri-peşəkar şəxslər tərəfindən çəkilib. Naqillərin necə gəldi qoşulması bunu deməyə əsas verir. Elə orada məskunlaşan insanların da əsas şikayəti bundan oldu. Onlar da hesab edir ki, yataqxanalardakı mövcud vəziyyət bir sıra problemlər yaradır.
Yataqxanaların elektrik xətləri daha bərbad vəziyyətdədir. Xüsusilə, elektirk mənbəyindən çəkilən naqillərin çoxluğu yüklənmə və qısaqapanmaya səbəb ola bilər. Bəzi yerlərdə elektrik xətlərinin üzəri açıqdır. Ən dəhşətli məqam isə elektrik qızdırıcılarının bu formada naqilə qoşulmasıdır. Yataqxanada dəhliz boyu demək olar ki, bütün qızdırıcılar eyni formada cərəyan mənbəyinə qoşulur. Elə binanın qarşısında sakinlərin taxta və digər tezalışan materiallardan ticarət obyektləri və başqa tikililər qurması da yanğının yayılmasına rəvac verməsinə səbəb olan amillər sayılır. Hər halda bütün insanlar öz təhlükəsizliyini qorumalı və onun qarşısını almağı bacarmalıdır.
Xatırladaq ki, bu günlərdə məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlardan sonra mətbuata açıqlama verən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, dövlət proqramına əsasən, yaxın zamanlarda bu ailələrin köçürülməsi nəzərdə tutulub. O, 2012-ci ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dövlət tərəfindən 2-2,2 dəfə çox əlavə vəsait ayrılıb. Bu il 9 rayonda tikinti işləri həyata keçiriləcək və 12 minə yaxın məcburi köçkün yeni inşa olunacaq mənzillərə köçürüləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB