Avqust ayının 18-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu– ASAIF-in X ənənəvi yay forumu baş tutacaq. ASAİF-dən SİA-ya verilən məlumata görə, tədbirdə 40 ölkədən 500 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub. Forumun birinci günü, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları planlaşdırılır.
Daha sonra işçi qruplar üzrə müzakirələr aparılacaq və təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, təşkilatın yeni sədrliyi üçün seçkilər keçiriləcək və ölkələr üzrə nümayəndələr təyin ediləcək. Forumun rəsmi hissəsi bitdikdən sonra isə iki böyük panel üzrə qrup müzakirələri baş tutacaq və təkliflər irəli sürüləcək.
Forumun ikinci günü iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonuna səfəri nəzərdə tutulur. Məlumat üçün bildirək ki, forumun rəsmi tərəfdaşı Azərbaycan Gənclər və İdman Nazirliyidir.
Qeyd edək ki, forumun sonunda tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq.
Minarə Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB