Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin diktoru, "Tərəqqi" medalına layiq görülmüş Eldost Bayramov "Yeni Media Akademiya" layihəsinin qonağı olub. SİA-nın xəbərinə görə, qonaq iştirakçılarla təcrübəsini bölüşərək bildirib ki, ixtisasca tarix müəllimi olsa da, onu diktorluğa gətirən səbəb bu sahəyə böyük həvəsinin olması idi. O, qeyd edib ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün öz üzərində çox çalışıb.
Eldost Bayramov eyni zamanda müasir televiziya aparıcılarının nitqindən, xüsusi ilə vurğunun düzgün qoyulmamasından, şivələrdən istifadə olunmasından narazılığını bildirib. Peşəkar diktor iştirakçılara bir neçə şeir nümunəsində onlara sözlərin düzgün tələffüz qaydasını və vurğunun düzgün qoyulmasını izah edib. Qonaq gənclərə peşəkar diktor olmaq üçün bildirib ki, onlar Azərbaycan dilini mükəmməl bilməli, yaxşı nitqə sahib olmaları üçün çoxlu mütaliə etməli, öz üzərilərində dayanmadan çalışmalıdırlar.
Tələbələrin suallarını cavablandıran diktor sonda onların bir neçəsinin nitqini, danışıq tərzini yoxlayıb və lazım olan məsləhətləri verib. Gənclərlə görüşdən razı qaldığını bildirən peşəkar diktor Eldost Bayramov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB