Efir məkanı cəmiyyəti fəlakətə sürükləyir..

Efir məkanı cəmiyyəti fəlakətə sürükləyir..

Özəl telekanallar mənəviyyatımız üçün "qəssaba" çevriliblər

Bilirəm, hamınız əksər telekanallarımızın səviyyəsiz, insanda ikrah hissi yaradan "proqramlarından" təngə gəlmisiniz. Təsəvvür edəndə ki, əttökən qazan verilişlərindən, tərbiyəsiz və əxlaqsız "şou-biznes gözəlçələri"nin alt paltarlarının nümayişindən, dar şalvarlı, qulağı sırğalı "kişi aparıcılar"ın şit hərəkətlərini izləməkdən insanlar boğaza yığılıb, ailələrdəki yeniyetmələr qəhrəman olmaq əvəzinə efirdəki bu dar şalvarlı "kişilərə" bənzəmək üçün sino gedirlər, onda insanı əsl təşviş bürüyür. Bu telekanallar Azərbaycan cəmiyyətini, sözün bütün mənasında manqurtlaşdırmaqla məşğuldurlar, vəssalam!

Normal ailələrdən özəl kanallara yasaq…

Dəfələrlə ölkə rəhbərliyi səviyyəsində efir məkanında yaranan xaos və anarxiyadan nigarançılıqla bağlı fikirlər səsləndirilib. Elə dəyərli alimlərimiz də bununla bağlı fikirlərini cəmiyyətlə bölüşüblər və qeyd olunub ki, hazırkı efir "mədəniyyəti" və ət tökən "proqramlar", cəmiyyəti açıq-aydın fəlakətə sürükləyir. Özəl telekanallardakı bu efir xaosu elə bir situasiya yaradıb ki, artıq normal ailələr belə kanallara baxmağı qadağan ediblər. Cəmiyyətin bu hissəsi, insan düşüncəsini kütləşdirən, məişət səviyyəsinə endirən, normal əxlaqı olmayan "gözəlçə aparıcıların" at oynatdıqları, milyonlarla insana "qeyrət-namus" öyüd-nəsihəti verdikləri, "mavi kişilərin" tərbiyəsiz pozalarının baş alıb getdiyi bu efirləri "arzuolunmaz" elan ediblər. Ailəsini düşünən hər kəsin öz evində belə "verilişlərə" baxılmasına icazə verməməsi olduqca normaldır. Axı uşaq və yeniyetmələrin efirdəki tərbiyəsizlərin, qazan "verilişlərinin" təsiri altına düşməsi qaçılmazdır.

Çünki psixoloji baxımdan beyin hüceyrələri ağ vərəq olan uşaq və yeniyetmələrin bu efirlərdəki rüsvayçı təbliğatın təsiri altına düşmək təhlükəsi həssas və risqlidir. Bu "efirlərdə" milli mentalitetin ayaqlar altına atılması, barbar və cəhalət dolu "verilişlərin" bütün efiri zəbt etməsi artıq qorxunc şəkil alıb. Kişilik, qəhrəmanlıq nümunəsi əvəzinə, yeniyetmələrin "gey paradları"nı, namussuz ailə başçısı olmaq "fraqmentlərini", nə bilim el dilində desək, "iki qəpiyə dəyməyən" adamların qorderoblarını nümayiş etdirən səviyyəsiz proqramlardan başqa bir dənə də olsun səviyyəli verilişlərə rast gəlinmir bu telekanallarda.

Maarifləndirici verilişlərin qəhətə çəkildiyi efirlər…

Təsəvvür edəndə ki, maarifləndirici verilişləri tamaşaçı barmaqla axtarır, o zaman yerli telekanlların cəmiyyətin düzgün istiqamətdəki inkişafı, gənclərin və yeniyetmələrin mənfi proseslərdən qorunması üçün televiziyanın rolu barədə heç danışmağa belə dəymir.

Hazırda efir məkanında baş verən acınacaqlı durumu, tərbiyəvi əhəmiyyət əvəzinə mənəvi dəyərlərin ayaqlar altına salınıb tapdanmasını nəzərə alanda, onları nəzərdən keçirdikdə istər-istəməz Azərbaycan Dövlət Televiziyasını (AZTV) qiymətləndirməmək olmur. Dövlət kanalı olmasından başqa, həm də mənəvi dəyərləri möhkəm şəkildə qoruyub saxlayan AZTV, sözün həqiqi mənasında alqışlanmağa dəyər. Çünki cəmiyyyətin hazırkı durumunda dilimizin zənginliyindən tutmuş mənəvi dəyərlərimizə qədər olan bütün aspektlərin qorunması indi bizə hər şeydən daha vacibdir. Efir məkanımızı xaosdan xilas etmək də həmçinin.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə