“Akkord”gələcək biznes imkanlarını araşdırır

“Akkord”gələcək biznes imkanlarını araşdırır

2012 ci il iyul ayının 26-27 də Bakıda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"-da Çin Xalq Respublikasının Dövlət Şirkəti olan SİNOMA şirkətlər qrupunun prezidenti Tan Zhongming, CBMİ şirkətinin İdarə heyətinin sədri Peng Jianxin, SİNOMA qrupunun İdarə heyətinin sədr müavini Tong Laigou, CDİ şirkətinin İdarə heyətinin sədri Jiao Feng və Türkiyə Respublikasının "SC Endüstri" Şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı Akkord Korporasiyası ilə SİNOMA şirkətlər qrupu və SC şirkəti arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları, eyni zamanda SİNOMA Qrupunun törəmə şirkəti olan CBMI şirkətinin Qazax Sement Zavodunda apardığı işlərin hazırkı vəziyyəti müzakirə edilib.

Qonaqlarla səmimi şəraitdə keçən görüşdə "Akkord" Korporasiyasının Direktorlar Şurasının sədri Xaqani Quluzadə Korporasiyanın şirkətlər arasındakı bu əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb. O eyni zamanda gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq layihələrdə birgə çalışmaq fürsətlərinin olacağına ümid etdiyini söyləyib. Görüşdə xüsusi müzakirə obyekti olan məsələlərdən biri də Qazax Sement Zavodunun gündə 2500 ton klinker istehsal gücünə malik olan xəttinin istifadəyə verilməsi ilə eyni vaxtda gündə 5000 ton klinker istehsal gücünə malik olacaq yeni xəttinin bünövrəsinin qoyulacağı olub. İki layihənin tamamlanmasından sonra zavodun illik sement istehsalı gücünun 3 000 000 tona çatdırılacağı hədəflənib.

Görüşün sonunda "Akkord"Korporasiyası ilə Sinoma Qrupa daxil olan CBMİ Şirkəti və "SC Endüstri" Şirkəti arasında Qazax Sement zavodda gələcəkdə görüləcək işlərlə bağlı, eyni zamanda, maliyyə və birgə infrastrukturun - enerji, su və su təmizləyici sistemlərin qurulması və s. sahəsində üçtərəfli memorandum imzalanıb.

Görüşdə gələcəkdə görüləcək işlər üçün birgə işçi qrupu yaradıldığı bildirilib. İşçi qrupunun ölkələr üzrə hazırlayacağı təkliflər ümumi müzakirədən keçirildikdən sonra rəhbərliyin müzakirəsinə veriləcək və birgə fəaliyyətin istiqamətləri müəyyənləşdiriləcək.

Görüşdən sonra nümayəndə heyəti Qazax rayonun Daş Salahlı kəndində inşası bitmək üzrə olan Akkord Qazax Sement Zavodunda olub, tikintinin gedişinə nəzarət edib və yeni tikiləcək zavodun ərazisinə baxış keçirərək infrastruktur imkanlarını nəzərdən keçiriblər. Daha sonra nümayəndə heyəti Qazax və Ağstafa rayonlarının İcra Hakimiyyətlərində görüş keçirib, rayonların biznes mühiti, özəl sektoru və biznes imkanlarının inkişaf perspektivləri ətrafında müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə