\"Abbas əməliyyat olunacaq\" - Millət vəkili

\"Abbas əməliyyat olunacaq\" - Millət vəkili

Millət vəkili Qənirə Paşayevanın albomlarının təqdimatında güclü yanğın nəticəsində əlləri tamamilə yanmiş balaca Abbasın əməliyyatı üçün tələb olunan vəsait ailə üzvlərinə təqdim olunub


"Bu gün burda bizim aramızda Abbas Musayev adlı bir uşaq var. O, uşağı mən bir gün öncə televiziya kanalında xəbərləri izləyərkən gördüm. Abbasın baxışlarında sanki mən də hamı kimi yaşamaq və sərbəst hərəkət etmək istəyirəm - mesajını gördüm. Onun ailəsi maddi imkansızlıqdan onu əməliyyat etdirə bilmədiyini söylədi. Onun ailəsi ilə əlaqə saxlayıb bu gün bura dəvət etmişəm. Abbas evləri yananda çıxa bilmədiyi üçün çox güclü yanıq xəsarətləri alıb və əlləri tam hərəkətsizdir. Əlləri işləmir. Türkiyədən gələn bir mütəxəssis həkim onu müayinə edib və iki ay ərzində əməliyyat olunmayacağı təqdirdə əllərində tamamilə quruma gedəcəyini və bundan sonra aparılacaq əməliyyatın faydasız ola biləcəyini deyib. Bir sözlə, Abbas çox təcili bu günlərdə hər iki əlindən əməliyyat olunmalıdır. Abbasın əməliyyatı üçün tələb edilən vəsait kiçik deyil, böyük məbləğdir. Mən bu gün təqdimata toplaşan bütün dostlarıma üz tutaraq deyirəm ki, dəyərli dostlarım gəlin əl-ələ verərək Abbasın əməliyyatı üçün lazım olan vəsaiti elə bu tədbirdə toplayıb Abbasa və onun ailəsinə verək. İlk vəsaiti mən verirəm və inanıram ki, siz də dəstəyinizi əsirgəməyəcəksiniz. Abbasın bu gün bizim dəstəyə ehtiyacı var və biz bunu insanlıq naminə etməliyik". Bu sözləri millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayeva onun şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomunun təqdimat mərasimi zamanı deyib.


Qeyd edək ki, təqdimat mərasimində millət vəkilləri, bir sıra şirkət rəhbərləri, müğənnilər, bəstəkarlar, ziyalılar, media və ictimaiyyətin bir sıra nümayəndələrinin iştirak edib.


Millət vəkili Qənirə Paşayevanın xeyriyyə çağırışına təqdimat mərasimində iştirak edən dostları - millət vəkilləri, ziyalılar, jurnalistlər, iş adamları dəstək veriblər. Abbasın əməliyyatı üçün nəzərdə tutulan 7000 manat vəsait toplandı və elə tədbir zamanı hamının iştirakı ilə Abbasın nənəsinə təqdim edildi.


"Mən səsimə səs verən hər kəsə öz dərin təşəkkürlərimi bildirirəm və ümid edirəm ki, Abbas artıq bu yaxın günlərdə əməliyyat olunub öz sağlamlığına bərpa edəcək." – deyə millət vəkili Qənirə Paşayeva qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə