KİVDF-də “Avrupa Qezeteçiler Dərnəyi”nin başqanı ilə görüş keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Bakıda səfərdə olan "Avrupa Qezeteçiler Dərnəyi"nin başqanı Adnan Fişenklə görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüşdə dərnəyin Azərbaycan təmsilçisi Afaq Fərzəlibəyova və digər qonaqlar iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipləri barəsində qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Fond yarandığı gündən müstəqil mətbuata maliyyə dəstəyi verilib.
İcraçı direktorun məlumatına görə, Fond fəaliyyətə başladığı gündən kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələr icra edib.
Vüqar Səfərli jurnalistlərin mənzil məişət problemlərinin həlli istiqamətində də görülən işlərdən də danışıb. O qeyd edib ki, gələn il xeyli sayda jurnalist mənzillə təmin olunacaq: "Fond ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarına da qayğı göstərir. Eyni zamanda beynəlxalq təcrübəni öyrənmək məqsədilə ötən illər jurnalistlərin Avropa və Türkiyəyə səfərlər təşkil edilib".
Daha sonra dialoq və diskussiya şəraitində davam edən görüşdə Fondun icraçı direktoru Vüqar Səfərli qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirib.
"Avrupa Qezeteçiler Dərnəği"nin başqanı Adnan Fişenk isə öz növbəsində jurnalistlərin sosial vəziyyətinin, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşəkarlığının artırılması istiqamətində Fondun həyata keçirdikləri tədbirləri yüksək dəyərləndirdiyini bildirib. Dərnəyin Azərbaycan bölümünün yaradılmasını istəyən A.Fişenk bununla əlaqədar fondun icraçı direktorunun ona yardımçı olmasını da xahiş edib.
Sonda Adnan Fişenk səmimi qəbula görə Fondun icraçı direktoru Vüqar Səfərliyə öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB