Həqiqətin, düzgünlüyün tərəfində durmaq, ədalət prisipinə sadiq olmaq insanın başını ucaldan, ona cəmiyyət arasında hörmət gətirən xarakterlərdir. Əgər birisinin qanında bu əlamətlərdən biri varsa o heç vaxt haqqı nahaqqın ayağına verməz. Amma nəinki bəzi insanlar, hətta elə insan toplumu var ki, başqasına qara yaxmağı, ağı qara görməyi, dedi-qodu istehsal etməyi özünün həyat kredosuna, ideoloji işinə çevirib. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi müxalifətyönlü qəzetlərdə dərc olunan bir sıra yazılar əvvəllər olduğu kimi yenə də heç bir fakta əsaslanmır.
Bu günlərdə yenə müxalifət yönümlü bir qəzetdə oxuduq ki, Şəki şəhər sakini Musayeva Züleyxa Xeybər qızının adına olan mənzil qanunsuz olaraq başqasına verilib. Belə hallara SİA olaraq biganə qala bilmədiyimizdən Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 61 saylı ictimai yaşayış binasının 27,3 kv.metr yaşayış sahəsində olan iki otaqlı 45 saylı kommunal xidməti həyətdə olan mənzil Şəki şəhər icra hakimiyyəti başçısının 07 noyabr 1994-cü il tarixli 566 saylı Sərəncamı ilə Musayeva Züleyxa Xeybər qızının müvəqqəti istifadəsinə verilib. O, 1996-cı ilin sentyabrında oğlu Musayev Ehtiram Telman oğlu ilə birlikdə bir il müddətinə bu mənzilə qeydiyyata düşüb. Lakin qeyd olunan mənzildə vətəndaş uzun müddət (təxminən on ilə yaxın) yaşamayıb, bu müddət ərzində heç bir kommunal xidmət haqqını ödəməyib, mənzil boş qaldığı üçün tamamilə yararsız vəziyyətə düşüb. Qeyd olunan mənzilin vətəndaş Musayeva Züleyxa Xeybər qızının müvəqqəti istifadəsinə verildiyini, onun və oğlunun bu mənzildə uzun müddət (10 ildən çox) yaşamadığını, mənzilin Şəki Şəhər İcra Hakimiyyətinin mənzil fonduna aid olduğunu nəzərə alan Şəhər icra hakimiyyəti Sərəncamla (30.03 2010-cu il tarixli 1/78 saylı) qanuna müvafiq qaydada adı çəkilən mənzili başqa bir vətəndaşın istifadəsinə verib.
Bundan sonra əslində mənzilin sahibi hesab olunmayan, bir zamanlar onun müvəqqəti istifadəsinə verilən Musayeva Züleyxa iddia ərizəsi ilə məhkəməyə müraciət edib və bu mənzilin ona qaytarılmasını tələb edib. Vətəndaşın iddiası Şəki Şəhər İnzibati İqtisad Məhkəmsi, Şəki Appelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rədd edilib, onun iddiası təmin edilməyib.
Müxalifyönlü qezetlər ənənəsinə uyğun olaraq onlara verilən məlumatı araşdırmadan qəzet səhifəsinə çıxarmaqla əslində yenə ictimai rəyi çaşdırır, oxucularına yalan, həqiqətə uyğun olmayan məlumat verir, bir sözlə əllərinə nə keçirsə səhifəyə yerləşdirirlər. Yoxlanmamış məlumatı öz səhifələrinə çıxaran bu cür qəzetlər böhtançı yazılarla diqqəti özünə cəlb etmək istəyir, məhkəmə qərarlarını şübhə altına alır, vətəndaşları qanunsuzluğa sürükləyir. Nəhayət, bu bir daha təsdiq edir ki, bəzi qəzetlər qanunları tanımaq istəməyən, ona əməl etməyən, yalnız "mənim iddiam təmin edilsin" deyən adamların açıq tribunasına çevrilmək istəyirlər. Yaxşı olardı ki, qəzetlər bu cür yalanlarla onlara müraciət edən, məhkəmə qərarlarına şübhə ilə yanaşan, həqiqəti təhrif edən vətəndaşların qanunsuz iddialarına şərik olmaq əvəzinə, onlara qanunlara hörmətlə yanaşmağı tövsiyə etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB