Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında təşkil olunan "Şahinlər" yay istirahət düşərgəsində iştirak edən Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər və 250 nəfərdən çox yeniyetmənin valideynləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda aparılan genişmiqyaslı quruculuq işləri ilə bağlı ətraflı məlumat verib: "İyun ayının 20-də Badamdar qəsəbəsində dövlət başçısı İlham Əliyevin iştirakı ilə Heydər Əliyev parkının açılışı olub. Parkda Ümummillilider Heydər Əliyevin büstü ucaldılıb. Hazırda məktəblərdə, uşaq bağçalarında, tibb müəssisələrində təmirlər aparılır. Dənizkənarı Milli Parkın uzadılması, Neftçilər prospektində başladılan təmir və digər quruculuq-abadlıq işləri ölkə başçısının rəhbərliyi və şəxsi nəzarəti altında aparılır. Görülən tədbirlər sayəsində şəhərin mərkəzinin fantastik dərəcədə gözəlləşdirilməsi nəzərdə tutulub".
Daha sonra İH başçısı gənclərin və yeniyetmələrin hər zaman diqqət mərkəzində olduğunu qeyd edib: "Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər hazırlanaraq həyata keçirilib. İlk növbədə rayondakı aztəminatlı, imkansız ailələrin uşaqları üçün Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında pulsuz 3D həcmli uşaq filmlərinə baxışlar təşkil olunub. Artıq 1000-dən çox uşaq bu seanslarda iştirak edib. İyun ayında rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə layihəsi əsasında rayonun aztəminatlı ailələrinin, Qarabağ müharibəsi veteranlarının övladları və orta məktəblərin 150 nəfərə yaxın şagirdi üçün 2 həftəlik pulsuz kompyuter və xarici dil kursları təşkil olunub".
RİH-nin başçısı valideynlərə məktəblilərin yay istirahətinin yaddaqalan keçirilməsi ilə bağlı təşkil edilən "Şahinlər" yay istirahət düşərgəsi haqqında da ətraflı məlumat verib: "Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat məktəbinin şagirdləri də qoşulacaq. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki N saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidməti barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə həsr olunmuş stendlər quraşdırılıb. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq. Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunub, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər".
Tədbirin davamında uşaqlarını düşərgəyə yola salan Qarabağ müharibəsi əlilləri, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının sədri layihənin təşkili ilə bağlı minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB