Mətbuatda dil problemi müzakirə edildi

Mətbuatda dil problemi müzakirə edildi
\"Azərbaycanda dilçilik probleminin həlli ilk olaraq orta ümumtəhsil məktəblərindən başlamalıdır\". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsinə dair verdiyi sərəncam əsasında yaradılmış işçi qrupunun rəhbəri Kamal Abdulla deyib.

Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə fəaliyyət göstərən işçi qrupu dil problemini fərqli sahələr üzrə araşdırıb. Kamal Abdullanın sözlərinə görə, ölkə başçısının sərəncamından sonra Azərbaycan dili mətbuatda, dərsliklər, idarəçilikdə, küçədə, informasiya texnologiyasında öyrənilib. O qeyd edib ki, ana dilimizin qaydaları bir çox sahələrdə olduğu kimi mətbuatda da pozulur. Problemin ilk olaraq mətbuatdan başlanmasının zəruri olduğunu deyən qrupun rəhbərinin bu sahədə tövsiyələri də olub: "Mən çox istərdim ki, radio-televiziyalarımızda əvvəlki zamanda olduğu kimi bədii şuralar fəaliyyətini davam etdirsinlər. Bunlar başqa bir şəkildə fəaliyyətə başlasınlar. Bəzi adamlar deyəcək ki, demokratiya pozulur. Biz demokratiyanı pozmuruq. Oturub fikirləşsək, görərik ki, dili qorumaq üçün başqa variant tapmaq mümkün deyil".
Bundan başqa Kamal Abdulla qəzetlər üçün də yeni mexanizm göstərib. Onun sözlərinə görə, dilçilik qaydalarına əməl olunması üçün müvafiq cərimələr tətbiq edilməlidir və yaxud da redaksiyalarda dilçilik ştatı yaradılmalıdır.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə qeyd edib ki, ötən əsrin 90-cı illlərindən mətbuatdakı şərtlər sadələşdiriləndən sonra bu sahəyə təsadüfi insanlar çox gəlib və nəticədə mətbuatda dilçilik qaydaları pozulub. Bəxtiyar Sadıqov həmçinin qeyd edib ki, mətbuatın üzləşdiyi sosial problemlər səbəbindən əksər redaksiyalarda korrektor ştatı ləğv olunub. Bu işlər isə çox vaxt yaradıcı heyətə tapşırılır, nəticədə qəzetlərdə orfoqrafik səhvlərin sayı artır. Bəxtiyar Sadıqovun təklifinə görə, redaksiyalardakı korrektura ştatları ləğv olunsun və Azərbaycan nəşriyyatında mərkəzləşdirilmiş qurum yaradılsın.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da ölkə mediasında dilçilik məsələləri ilə bağlı müəyyən problemlərin olduğunu etiraf edib. Bu problemin aradan qaldırılması üçün müvafiq qurumların yaradılmasının vacib olduğunu deyib: "Mətbuat Şurası bu gün təqribən vulqar ifadələrin işlənməsi ilə bağlı son 3 ildə 20 yaxın qəzet aşkar edib. Bunun üçün hər hansı qurumlar, televiziyalarda bədii şuralar yaradılmalıdır. Mətbuat qurumlarına ictimai qınaqla yanaşı cərimələrdə tətbiq olunmalıdır".

Əflatun Amaşov həmçinin qeyd edib ki, Azərbaycan dilinin formalaşmasında ölkə mətbuatının da müstəsna xidmətləri olub.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə