Ermənistan əhalisinin sayını Livan və Suriya hesabına artırmaq istəyir

Ermənistan əhalisinin sayını Livan və Suriya hesabına artırmaq istəyir

Aclıq, səfalət, üstəlik İrəvanın işğalçı siyasətin yaratdığı problemlərin əlindən Ermənistanı hər il on minlərlə erməni tərk edir. Bu statistika Ermənistanın rəsmi qurumlarının sənədində qeyd olunub. "AyDat" təşkilatının dünyanın əksər ölkəsində miskin durumda olan, dolanışığı kasıblıq həddindən də aşağı olan və Ermənistandakı vəziyyətdən bixəbər olan erməniləri Azərbaycanın işğal altında olan ərazilərinə köçürməklə balansı qorumaq cəhdi də heç bir nəticə vermir.

Ermənilər dərd əlindən, məmur özbaşınalığından, Dağlıq Qarabağ kartından istifadə edərək hakimiyyətə gələn, dünya ermənilərindən yığılan pulları mənimsəməklə Ermənistanda varlılarla kasıblar arasında uçurumu dərinləşdirən indiki hakimiyyətdən uzaqlaşmağa çalışırlar. Baxmayaraq ki, 13-17 min erməni AyDat-ın yağlı vədlərinə inanıb Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşa biliblər, amma sonradan onların bir qismi hərbiçilərin nəzarətindən yayınıb yenidən geriyə qayıdıblar. Ermənistan bütün əngəllərə baxmayaraq dünya ermənilərini ölkəyə dəvət etməkdə israrlı görünür.

Bunun bir neçə səbəbi var.

Əvvəla, Ermənistanın boşalması, gənclərin iş axtarmaq üçün hətta yüz ilin düşməni hesab etdikləri Türkiyəyə üz tutması əslində məsələnin daha ciddi olduğuna dəlalət edir. Hökumət hərbi çağırış kampaniyasının baş tutmaması problemi ilə üzləşə bilər.

İkincisi, Ermənistan əsas işçi qüvvəsindən məhrum olmaqla onsiz da geriləyən iqtisadiyyatının tamamilə çökməsinə şahidlik edə bilər. Bu da iqtisadiyyatının 70 faizi Rusiyanın əlində olan və "for-post" tituluna sadiq qalan Ermənistana bir dövlət kimi ölüm hökmü çıxarmaq deməkdir.

Üçüncüsü, demoqrafik vəziyyətin kritik həddə çatması işğalçılıq siyasəti yürüdən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin öz istəyinə uyğun olaraq həll olunmasında böyük problemlər yaradacaq. İşğal olunmuş ərazilərdə əsgər qıtlığı yaradacaq. Nəticədə Azərbaycan tərəfi qısa vaxtda və daha az itkisiz münaqişənin həllinə nail olar. Bu da indiki hakimiyyətin sonu deməkdir.

Onda bəs nə nə etməli? Ermənistan rəhbərliyi bu dalandan çıxmağın yollarını arayıb və tapıb. Əlbəttə ki, Suriyada baş verən vətəndaş müharibəsi Ermənistan hakimiyyəti üçün sanki göydəndüşmə olub. Ermənistanın diaspor naziri Qranuş Akopyan hökumət qarşısında xaricdə yaşayan erməni əsilli şəxslərin vətəndaşlıq almaq qaydalarının sadələşdirilməsi təklifi ilə çıxış edib. Bundan sonra xarici ölkə vətəndaşları təkcə pasport idarəsindən yox, eyni zamanda diplomatik korpuslardan da vətəndaşlıq ala biləcəklər.

Q.Akopyanın iddiasına görə, bu addımın atılmasını tezləşdirən səbəb Livan və Suriya ermənilərinin təhlükəsizliyini təmin edilməsidir: "Bu gün Suriyada vətəndaş müharibəsi gedir. Livanda da müəyyən fasilələrlə oxşar hadisələr təkrarlanır. Onlar yalnız Ermənistan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə təhlükəsiz ola bilərlər".

Daşnaksütyun Partiyası isə bunun qəti əleyhinə çıxış edib. AyDat-ın yerli komitəsinin rəhbəri Manoyan isə istər Liviyada, istərsə də Suriyada erməni icmalarının on illərdir ki, formalaşdığını bildirib. Əlavə edib ki, onların Ermənistana köçürülməsi uzun illər formalaşan diaspor fəaliyyətinə ciddi zərbə vuracaq, lobbiçilik ənənəsi itəcək və deməli Ermənistan bir dövlət kimi xəritədən silinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə