Ən rahat və sərfəli yol – Plagiat

Ən rahat və sərfəli yol – Plagiat

Biz plagiata alışmışıq. Plagiat oğurluq sözünün mədəni formada ifadəsidir, yəni başqasının malını götürüb tamamilə talan edirsən. Doğrudur elm, təhsil, geyim, texnologiya, ərzaq, heyvandarlıq, ümumiyyətlə bir çox sahədə insanlar bir-birilərinin təcrübəsindən yararlanır və ya istifadə etməyə məcbur olurlar, amma oğurlamaq təbii ki, yol verilməzdir. Son bir neçə ildə musiqimizdə, filmlərdə, hətta elmdə belə bu cür "çırpışdırmaların" sayı xeyli artıb. Nümunə üçün deyək ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu cari ildəki fəaliyyəti dövründə 3 plagiat iş aşkarlayıb.

Musiqiçinin mahnı oğurlaması insanda o qədər də ikrah hissi oyatmasa da, alimin plagiatlığı dəhşətdir. Ürəkağrıdıcı məqam isə ondan ibarətdir ki, plagiatlıq təhsil sistemimizdə də at oynatmağa başlayıb. TQDK sədrinin sözlərinə görə, aparılan araşdırmalar zamanı orta məktəb dərsliklərində müəyyən fənlərlə və müəyyən hissələrlə əlaqədar plagiat aşkar olunub. Dərsliklər arasında daha çox Rusiya nəşrlərindən köçürmələrin olduğu bildirilib. Nümunə üçün Təhsil Nazirliyinin şöbə müdiri Təranə Hacıyevanın "Pedaqoji testlərin nəzəriyyə və praktikasına giriş" adlı dərsliyini göstərmək olar. Özü də sən demə bu ilk oğurluq faktı deyilmiş.

Təhsil ekspertlərinin sözlərinə görə, Təhsil Nazirliyində indiyədək çap edilən dərsliklərin bir çoxunda o qədər biabırçılıq var ki, dünyanın ən geridə qalmış dövlətinin dərsliklərində bu qədər qüsurlar yoxdur.

Bu gün bir çox ziyalılar, yazarlar, ekspertlər, dövlət və hökumət rəsmiləri, eləcə də ictimai qurumlar təhsilimizin vəziyyətindən dolayı həyəcan təbili çalsalar da, bütün bunlar qulaqardına vurulur. Hər halda ali təhsil ocaqlarına builki tələbə qəbulu zamanı ortaya çıxan nəticələr təhsilimizin mövcud durumundan xəbər verir.

Görəsən niyə plagiatlığa meyllik bu qədər artıb? Daha asan qazanc yolu, yoxsa rahat vasitə ilə populyar olmaq insanları bu işə vadar edir? Plagiat musiqi uzağı bir il qulaqlarımızı deşər, oğru müğənnini, bəstəkarı bir müddət gündəmdə saxlayar. Bəs elmi əsərlər, kitablar. Görəsən başqasının "əqli mülkiyyətini" talayan, sonradan "istedadı" üzə çıxan "alimlər" insanların gözünün içinə baxmağa cəsarət edirmi?

TQDK sədri Məleykə Abbaszadə haqlı olaraq deyir, özünü olduğundan ağıllı, olduğundan alim göstərmək gülməlidir. İnsanın zəkasında nəyi varsa var, yoxdursa yoxdur. Amma elmdə plagiat ayıb və gülməli bir işdir

Elə bilməyin ki, plagiatlıq təkcə bizdədir, yox. Təsəlli üçün deyim ki, bir müddət əvvəl Almaniyanın müdafiə naziri Karl Teodor Quttenberq dissertasiyasındakı plagiata görə, tutduğu vəzifəsindən istefa vermişdi. Hətta Macarıstan prezidenti Pal Schmitt doktorluq dissertasiyasının müdafiəsi ətrafında yaranan plagiat qalmaqalına görə tutduğu postu tərk etmişdi. Həm də onları buna görə heç kim təzyiq göstərməmişdi. Hər halda vicdanın səsi onları bu işə vadar edib. Görəsən bizdəki plagiatçılar nə düşünür?


Bütün xəbərlər Facebook səhifəmizdə