Goranboyda qədim yaşayış məskəni tapılıb

Goranboyda qədim yaşayış məskəni tapılıb

Tarixi abidələri ilə zəngin olan Goranboy rayonunda arxeoloqlar qədim dövrə aid bir neçə abidə aşkarlayıb. İlk qazıntı işləri rayonun Şadlı kəndi ərazisində aparılıb. SİA-nın Qarabağ bürosunun məlumatına görə, arxeoloji qazıntılar zamanı qəbir tipli sərdabələr və 6500 il öncəyə aid qədim yaşayış məskənləri üzə çıxıb. Mütəxəssislər ərazidə 5000 il öncəyə aid sərdabə tapıblar. Kür-Araz mədəniyyəti dövrünə aid olduğu ehtimal olunan sərdabə ölçülərinə görə, ölkə ərazisində ilk tapıntı hesab edilir. Sərdabə girişdən sonuna qədər kərpicdən hazırlanıb və kütləvi dəfn üçün nəzərdə tutulub. Qazıntılar zamanı bir çox maddi mədəniyyət nümunələri, saxsı qablar və müxtəlif dəyərli əşyalar əldə edilib.

Digər qazıntılar isə rayonun Tatarlı kəndi ərazisində aparılıb. Bu kənddə isə arxeoloqlar 6500 il öncəyə aid edilən qədim yaşayış məskənləri aşkarlayıb. 750 kv metr ərazini əhatə edən və maddi mədəniyyət nümunələri ilə zəngin olan yaşayış məskəni demək olar ki, günümüzə qədər dağılmadan gəlib çatıb.

Qeyd edək ki, tapılan nümunələr araşdırılması üçün xüsusui laboratoriyalara göndəriləcək. Üzə çıxarılan sərdabələrin araşdırılması üçün xaricdən arxeoloq və antropoloqların ölkəmizə dəvət ediləcəyi nəzərdə tutulub.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə