Gənc Alimlərin II Respublika “İnnovativ İdeya Yarmarkası”nın açılışı olub

Gənc Alimlərin II Respublika “İnnovativ İdeya Yarmarkası”nın açılışı olub

Bu gün Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual inkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar cəmiyyətinin təşkilatçılığı ilə Alimlərin II Respublika "İnnovativ İdeya Yarmarkası"nın açılışı keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində dövlət qurumlarının nümayəndələri, gənc alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: "Azərbaycan dövləti gənclərin ölkənin gələcək inkişafında əasa rol oynaya bilmələri üçün əlindən gələni əsirgəmir. Artıq ölkədə Elmin İnkişafı Fondunun, Gənclər Fondunun yaradılması, gənc alimlərin xaricdə təhsili ilə bağlı çoxlu ümdə addımlar atılıb. Elmin İnkişafı Fondunun da əsas addımı Azərbaycanda əldə edilən elmi nəticələrin dünyaya çıxarılmasıdır. Bu formalı yarmarklaların keçirilməsi elmin müsbət istiqamətdə inkişafına şərait yaradır".

Qeyd edək ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə vurğulayıb ki, əsas məqsəd Azərbaycanda elmə yiyələnən sahələrin əsasən də, siyasətin qurulmasıdır: \"Bu gün biz yeni çağırışlara yeni imkanlar vasitəsilə cavab verə bilən, inkişafda olan nəsil formalaşdırmalıyıq. İstənilən cəmiyyəti gələcəyə apararaq intellektual potensialını formalaşdıran həmin cəmiyyətin savadlı gəncləridir. \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Azərbaycan gəncliyinin inkişafı, işsizlik probleminin həlli, Azərbaycanda gənclərin yüksək təfəkkür tərzinin və biliyinin formalaşdırılması istiqamətində addımlar atılması məqsədi daşıyır".

Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi üzrə "Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları" adlı Gənc alimlərin elmi konfransının (25-27 iyul tarixlərində) və gənc alimlər arasında elmi-innovativ ideyalar müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Konfrans və müsabiqədə gənc alim və tədqiqatçılar elmi məruzə və təqdimatlarla çıxış edəcəklər.

Tədqiqatçıların çıxışları AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Elmi-innovativ ideyalar müsabiqəsində 1, 2 və 3-cü yerləri tutan gənc tədqiqatçılara qiymətli hədiyyələr təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Gənc Alimlərin I yarmarkası 2010-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilib. Yarmarka \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramı çərçivəsində təşkil olunub.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə