Şimali Kipr Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib
Azərbaycan Jurnalist Qadınlar Assosisasiyasının qadın klubunda Şimali Kipr Respublikasının Azərbaycandakı səfiri Zeki Gazioğlu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Assosisasiyasının prezidenti Sevil Yusifova tədbiri açıq elan edib.
Səfir Zəki Gazioğlu görüşdə Şimali Kipr və Azərbaycan əlaqələrindən və xarici tələbələrin Kiprdəki təhsil sistemindən danışıb: "Şimali Kiprlə Azərbaycan əlaqələri mövcuddur və daha da artmaqdadır. Çoxunun xəbəri olmasa da bizim ölkə hər həftə Azərbaycanla əlaqələr yaradır. Hazırda Şimali Kiprin Türkiyədən sonra ən çox əlaqədə olduğu ölkə Azərbaycandır. Hələ qeyd edim ki, dünən 18-22 yaş arası gənclərdən 25 nəfəri ölkəmizə düşərgələrə yola düşüb. Bizim Azərbaycanda etməyə çalışdığımız qurumları bir-biri ilə, yəni universitetləri universitetlərlə, idmançıları idmançılarla əlaqələndirməkdir. Azərbaycanla Şimali Kipr arasında ən sıx əlaqə təhsil və turizm sahəsində yaradılıb".
Səfir Şimali Kipr Respublikasında işadamları üçün biznesin inkişafında da əlverişli şəraitin olduğunu qeyd edib: \"Bizim ölkənin iş adamlarının xaricə inteqrasiyası daha çətindir. Lakin mən Azərbaycan biznesmenlərini Şimali Kiprə dəvət edirəm. Bizim yerləri gedib görsünlər. hər sahədə güzəştlər var. İndi Kiprə gəlməyin əsil zamanıdır. Qeyd edim ki, Azərbaycan iş adamları əvvəlki vaxtlara baxanda ölkəmizə daha çox maraq göstərirlər ".
Məlumat üçün bildirək ki, Azərbaycan gənclərini də maraqlandıracaq olan təhsil sistemindən, universitetlərə qəbul şəraitindən danışan səfir Şimali Kiprdə olan Azərbaycanlı tələbələrin sayının ilbəil artdığını vurğulayıb: "Şimali Kiprdə 2006-cı ildə Azərbaycandan olan tələbə sayı 65 nəfər idisə, 1 il sonra 97 nəfərə çatdı. Hər il artan say artıq bu ildən 950 nəfərə çatıb. Hesab edirəm ki, Azərbaycandan olan tələbələr 1500 nəfər olacaq. Şimali Kiprdə oxuyan xarici tələbə sayına görə, Nigeriya və İran birinci, Azərbaycan hazırda 3-cü yerdədir. Təhsildə olan qiymət isə Azərbaycandan gələnlərə 50% güzəştlidir. Bizim universitetlərə Attestatla da qəbul var. Çalışan qədər hər kəsə şans veririk. Lakin oxumayan tələbələrə diplom yoxdur\".
Qeyd edək ki, sonda Azərbaycandakı təəssüratlarından danışan səfir ölkəmizi çox sevdiyini və bu ölkəyə öz istəyi ilə təyin olunduğunu qeyd edib.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB