YAP-ın gəncləri böyük potensiala malikdir - FOTOLAR

YAP-ın gəncləri böyük potensiala malikdir - FOTOLAR

Lerikdə "Liderliyə gedən yol" Yay Məktəbi layihəsinin ikinci günündə "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" və s. mövzularda maraqlı müzakirələr keçirildi


Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə gənc siyasətçilər üçün keçirilən "Liderliyə gedən yol" Yay Məktəbinin ikinci günündə "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiyalar keçirildi.


Dövlət himni səsləndirildikdən sonra qrup rəhbəri-YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, YAP rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bu kimi tədbirlərin gənclərin inkişafında, dövlətə, xalqa layiqli vətəndaş kimi yetişmələrində böyük rolu var. "Bu gün müzakirə olunan mövzu çox vacib və olduqca maraqlıdır. Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının müzakirəsində siz gənclərin fikirlərini bilmək bizim üçün əhəmyyətlidir. Çünki artıq 2020-ci ildə sizlər bəlkə də ölkənin ali dövlət orqanlarında rəhbər vəzifələrdə çalışacaqsınız, Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü qərarlar verəcəksiniz. Mən buna əminəm. Ona görə ki, Yeni Azərbaycan Partiyasının gəncləri böyük potensiala malikdirlər."


V.Rəhimzadə Azərbaycanın hazırki və gələcək inkişaf istiqamətlərindən də söz açdı. "Bildiyiniz kimi, 90-cı illərin əvvələrində ölkəmiz müstəqillik əldə etlikdən sonra ictimai-siyasi vəziyyət çox ağır idi. Azərbaycan daxili qarşıdurmalar, vətəndaş müharibəsi, xarici təzyiqlərlə üz-üzə qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün bu problemlər öz həllini tapdı, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya miqyasında öz yerini, mövqeyini daha da möhkəmləndirir, söz sahibinə çevrilir. İqtisadiyyatımız güclənir. Təkcə onu qeyd etmək kifayətdir ki, yeni neft strategiyasının əsas icraçılarından biri olan SOCAR artıq dünyamiqyaslı brendə çevrilib. Şirkətin dünyanın bir çox nöqtələrində nümayəndəlikləri var. SOCAR regional və beynəlxalq miqyasda həyata keçirdiyi layihələrlə ölkəmizin günü-gündən artın gücünə, qüdrətinə öz müsbət təsirini göstərir."


YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirdi ki, Azərbaycanın çox parlaq gəncliyi var. Bu gəncliyin də böyük bir qismi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Qeyd olundu ki,


gənclər bu kimi tədbirlərdən ən yüksək səviyyədə yararlanmalı, öz bilik və təcrübələrini artırmalıdırlar.


YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Mərkəzi Qərargahının şöbə müdiri Emil Abasov da çıxışlarında Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışdılar. Bildirildi ki, XXI əsr sürət, dinamika əsridir. Bu əsr yüksək ixtisaslı, bacarıqlı gənclərin əsridir. Azərbaycan gəncliyi də bu tələblərə cavab verməlidir. Qeyd olundu ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri iqtisadi kapitalın insan kapitalına çevrilməsidir. Bu da ölkədə gənclərə olan diqqət və qayğının əhəmiyyətini ortaya qoyur.


Tədbirdə çıxış edən gənc fəallar Elçin Həsənli, Asim Qədirov, Xanım Abdulova və başqaları mövzu ilə bağlı maraqlı fikirlər səsləndirdilər.


Nahardan sonra "İKT-nin müasir imkanlarından səmərəli istifadə-sosial şəbəkələr" mövzusunda seminar-diskussiya keçirildi. Bildirildi ki, bu gün İKT-nin inkişafı bütün dünyada ən aktual problemlərdən biridir. Azərbaycan dövləti də bu məsələləri xüsusi olaraq diqqət mərkəzində saxlayır. Müzakirələrdə gənclər müxtəlif fikir və maraqlı təkliflərlə çıxış etdilər. Gün ərzində həmçinin gənclər arasında futbol, üzgüçülük və s. idman növləri üzrə yarışlar keçirildi.


Nail Rəhimzadə, "İki sahil"

Lerik

Bütün xəbərlər Facebook səhifəmizdə