“Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar keçirilib

“Readmissiya və qayıdışa dəstək” mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü, Avropa İttifaqı və Miqrasiya Siyasətinin inkişafı üzrə Beynəlxalq Mərkəzinin dəstəyi ilə MİEUX proqramı çərçivəsində "Readmissiya və qayıdışa dəstək" mövzusunda sonuncu seminar keçirilib. SİA-nın məlumatına əsasən seminar miqrasiya siyasətinin inkişafı üzrə Beynəlxalq Mərkəzin MİEUX layihəsi üzrə eksperti Oleq Kirica, Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin siyasət şöbəsinin fəaliyyətdə olan rəhbəri Andrey Valentino və Macarıstandan olan beynəlxalq ekspert Vida Qabor tərəfindən aparılıb.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisiVahid Qəhrəmanov bildirib ki, iki ildən artıq davam edən MİEXU proqramı müxtəlif mövzuları və qloballaşan dünyanın ən aktual problemlərini işıqlandırmaqdadır: "Belə ki, proqram miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişməsi, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin faliyyəti və digər mövzuları əhatə edir. Bu məqsədlə miqrasiya orqanlarının əməkdaşları Avropa İttifaqı ölkələrində müxtəlif təlim səfərlərində olublar. Avropa İttifaqı ölkələrindən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdən olan ekspertlərin iştirakı ilə ölkəmizdə keçirilən seminarın əsas məqsədi isə Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənmək və bu proqramı bizdə reallaşdırmaqdır".

Qeyd edək ki, tədbirdə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliklərinin əməkdaşları iştirak edib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə