Yeni Azərbaycan Partiyası jurnalistləri mükafatlandırdı - FOTO

Yeni Azərbaycan Partiyası jurnalistləri mükafatlandırdı - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasında Milli Mətbuatın yaranmasının 137-ci ildönümü ilə bağlı bir qrup jurnalist mükafatlandırılıb. SİA-nın məlumatına görə, tədbir zamanı ilk öncə ölkə mətbuatının inkişafından danışan Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə bu gün KİV daha peşəkar fəaliyyət göstərir.

YAP funksionerinin sözlərinə görə, ölkə mətbuatında ötən dövrlərə nisbətən böhtan yazılar azalıb ki, bu da ölkədə peşəkar jurnalist nəslinin yetişməsindən xəbər verir.

Bundan başqa çıxışı zamanı Əli Əhmədov mətbuatdakı problemlərə də toxunub: \"Danılmaz faktıdır ki, bu gün mətbuatda sosial problemlər də mövcuddur. Bu sosial problemlər əsasən qəzetlərin satışı və jurnalistlərin əmək haqlarının az olması ilə bağlıdır. Ancaq buna baxmayaraq ölkədə gedən inkişaf özünü mətbuat sahəsində də göstərir. Belə ki, mətbuatdakı dəyişikliyi Azərbaycanın modernləşməsindən, iqtisadi inkişafından kənar təsəvvür etmək mümkünsüzdür\".

Bundan başqa YAP-ın icra katibi ölkə başçısının mətbuata göstərdiyi qayğıdan da danışıb. O, bildirib ki, son dövrlər Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib. O cümlədən KİV əməkdaşlarının mənzillərlə təmin olunması üçün müvafiq sərəncam imzalayıb.

Tədbirin sonunda Əli Əhmədov jurnalistləri bir daha peşə bayramı münasibəti ilə təbrik edib və ölkədə fəaliyyət göstərən əksər media qruplarının əməkdaşlarını mükafatlandırıb. Xatırladaq ki, mükafatlandırılanlar sırasında SİA və SəsTV-nin əməkdaşı Ceyhun Eyyubov da var.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə