Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilib

Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilib

Əli Həsənov: "Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib"


"Min bir gecə" istirahət mərkəzində Azərbaycan milli mətbuatının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini, jurnalistika sahəsində çalışan bütün mətbuat işçilərini milli mətbuatımızın 137-cı ildönümü münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.


"Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuat gününün geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında imzadaldığı müvafiq Fərmanı ilə qoyulub. O vaxtdan qeyd olunan mətbuat günlərində ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənmiş və dövlətçilik ənənələrimizə xidmət edən mediya mənsubları mükafatlandırılıblar", - Əli Həsənov deyib.


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb ki, Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf ylu keçib: "1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilib, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib".


Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi qeyd edib. O, vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli Sərəncamına uyğun olaraq Zərdab və Gəncədə də tədbirlər keçirilmiş və bu istiqamətdə işlər davam etdiriləcək.


Sonra Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı"nın təqdimetmə mərasimi olub.


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də son illər ölkəmizdə medianın inkişafı naminə görülmüş işlərdən danışıb.


Mərasimdə jurnalistlərə KİVDF-nin mükafatları təqdim edilib. Tədbir zamanı qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı və Fondun xüsusi diplomu verilib.


Tədbirdə həmçinin ölkənin aparıcı media nümayəndələrinə Ali media mükafatı təqdim olunub.


İlin ən yaxşı baş redaktorları nominasiyasına isə \"Olaylar\" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, \"Azərbaycan\" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, \"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev, \"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, \"Paritet\" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, \"Bakı Xəbər\" qəzetinin baş redaktoru Aydın Quliyev, \"Yeni Müsavat\" qəzetinin baş redaktoru Rauf Arifoğlu layiq görülüblər.


Sonda milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı "Bakcell" şirkətinin mükafatları da təqdim olunub. Mukafat alanlar sırasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da var.


Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə