Bu ilki “Yay məktəbi” layihəsinin yenilikləri nələr oldu?- MÜSAHİBƏ (SƏS TV)

Bu ilki “Yay məktəbi” layihəsinin yenilikləri nələr oldu?- MÜSAHİBƏ (SƏS TV)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mərkəzi ofisinin təşkilatı məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Zəkiyyə Musayevanın SƏS TV- yə müsahibəsi:

-İlk öncə bilmək istərdim ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə artıq adət halını alan "Yay məktəbi" kampaniyası nə vaxtdan başlanıb və bura nə qədər gənc cəlb olunub?

- Vüsalə Niftəliyeva: YAP Gənclər Birliyinin "Yay məktəbi" layihəsi artıq 2007 –ci ildən davam etdirilir və bu layihəyə daxil olan gənclərin sayı ildən-ilə artmaqdadır. Belə ki, bu il \"Yay məktəbləri\"ndə 600 -ə yaxın gəncin iştirakı nəzərdə tutulub. Paytaxtımızın və regionun fəal gənclərinin iştirakı ilə baş tutan "Yay məktəbləri" layihəsi 3-cü gedişini respublikamızın müxtəlif zonalarında və regionlarında davam etdirərək artıq 4-cü gedişinə hazırlaşır. Bu il \"Yay məktəbləri\" digərlərindən fərqlənib, daha təkmilləşərək və öz formasını dəyişərək fəaliyyətə başlayıb. Hər il YAP Gənclər Birliyi "Yay məktəbləri" layihəsini müxtəlif proqramlar üzrə həyata keçirir və həmin proqramlarda nəzərdə tutulan mövzular gənclərə verilərək məsul şəxslər olan siyasətçilərimiz və millət vəkilləri tərəfindən idarə olunurdu. Bu il isə əvvəlki illərdən fərqli olaraq proqramda nəzərdə tutulmuş mövzular gəncələrin özlərinə verildi. Gənclər məsul şəxs vəzifəsində özləri həmin proqramı idarə etdi. Bu ilki \"Yay məktəbləri\"nin digər əsas fərqi isə ondan ibarət oldu ki, ötən ildən fərqli olaraq bu il 70 faiz yeni gənc simalara üstünlük verildi, digər 30 faiz isə daha öncə \"Yay məktəbləri\"ndə iştirak edib öz fəallıqları ilə seçilən gənclərdir. Eyni zamanda 70 faiz olan yeni gənc simalarımız artıq digər 30 faiz olan əvvəlki gənclərdən seçilib fəallıq nümayiş etdirməyi bacardılar.

-Siz Oğuzda təşkil olunan \"Yay məktəbi\"ndə rəhbər iştirakçılardan olaraq məsul şəxslərin köməkçisi rolunda çıxış etmisiniz. Oğuzda keçirilən \"Yay məktəbi\"ndə hansı siyasətçilərlə görüşlər keçirilib, nə kimi yeniliklər baş verib?

-Zəkiyyə Musayeva: İlk öncə qeyd etməliyəm ki, bu layihə əsasən gənclərin təfəkkürünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir və müxtəlif bölgələrdən gələn gənclərin kollektiv şəkildə müxtəlif fikir bildirmələrinə və layihə hazırlamalarına şərait yaradır. Əsas yaddaşlarda qalan məqamlardan biri isə o oldu ki, Oğuzda keçirdiyiniz birinci gün Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüş keçirildi. Çox səmimi olan görüşdə Əli müəllim liderliyə gedən yol və onun mahiyyətindən danışaraq gəncləri maraqlandıran bir çox suallara cavab verdi. Əsas məqamlardan biri isə o idi ki, bu il \"Yay məktəbi\"nə gələn gənclər çox qeyri-adi və əlamətdar fikirlərlə çıxış edib müxtəlif təkliflər irəli sürürdülər. Bu ilki gənclik artıq nümayiş etdirdi ki, öz mövqeyini göstərə bilir və fikirlərinə yenilik gətirib. Bu kampaniyada əsas mövzulardan biri \"Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyası\" idi. Bu layihədə gənclərin fikirləri və təklifləri əsas yer tuturdu. Gənclər bu layihədə nəzəri və maraqlı fikirlərini səsləndirərək 2020-ci ildə Azərbaycanı gəncliyini necə görməsi və Azərbaycanın gələcək inkişafı yönündə öz rollarının müəyyən etdirmək üçün maraqlı fikirlər səsələndirdilər. Hər gün proqram üzrə, kütləvi informasiya vasitələri ilə iş, kütləvi informasiya vasitələri ilə təxribat, sosial şəbəkələrdə iş və digər mövzularda nəzəri söhbətlər aparıldıqdan sonra gənclər qruplara bölünürdü. Qruplara bölündükdən sonra iki maraqlı mövzu-"Heydər Əliyev və Azərbaycan gəncliyi" və qarşıda gələn mətbuat günü ilə əlaqədar olan " KİV-in cəmiyyətdə rolu " mövzuları qoyulmuşdu. Gənclərin bu mövzularla əlaqəli çəkib hazırladıqları filmlər və çıxışlar sevindirici hal kimi maraq doğururdu. Bir çox gənclərin biz orada əlamətdar fikirlərini eşidib və dəyərli ideyalarının şahidi olduq. Həmçinin regionlardan olan gənclərimiz də proqramdan kənara çıxaraq aktivlik nümayiş etdirib öz regionlarında olan tarixi dəyərlərə söykənən abidələr və müxtəlif mövzularda layihələr hazırlayıb təqdim etdilər. Bu uğurlu işləri ilə fərqlənən gənclərimiz sonuncu gün partiyamız tərəfindən mükafatlandırılaraq fəxri fərmanla təltif olundular. Bütün bunlar gənclərin gələcək inkişafındakı perspektivləri və əldə edəcəyi uğurları göstərir.

-Vüsalə xanım, bildiyimiz kimi siz \"Yay məktəbi\"nin Lerikə olan səfərinin iştirakçısı olmusunuz. Orada olduğunuz zaman kimlərlə görüşlər oldu, ümumiyyətlə, gənclər Lerik səfərində daha çox nələrə maraq göstərirdi?

-Vüsalə Niftəliyeva: Hər il olduğu kimi ənənəyə sadiq qalaraq bu il də Lerik səfərində qrupumuzun rəhbəri millət vəkili Sahibə Qafarova idi, məsul şəxs qismində isə mən təyin olundum. Hər il olduğu kimi bu il də ilk əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ruhunu bir dəqiqəlik sükutla yad edib abidə önünə əklil qoyduq. Daha sonra isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan Heydər Əliyev Muzeyini və Uzunömürlülər Muzeyini ziyarət edərək dəyərli faktların şahidi olduq. Günümüzü çox vacib olan region gəncləri ilə görüşlə yekunlaşdırdıq. Azərbaycan yalnız Bakıdan ibarət deyil, regionlarda da həmçinin kifayət qədər savadlı gənclərimiz vardır. Biz onlarla ilk günümüzdə fikir mübadiləsi edib, dəyərli və maraqlı fikirlərini öyrənib, isti münasibəti formalaşdırdıq. Digər günlərdə isə "Azərbaycan 2020 - Gələcəyə baxış inkişaf konsepsiyası" layihəsinin mövzusunu müzakirə etdik. Gənclərimiz istənilən mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə bu mövzuya münasibət bildirib, maraqlı təkliflər irəli sürdülər. Maraqlı təkliflərdən biri də Qönçə Əsgərovanın təklifi oldu. O Azərbaycanın ərazi bütövlüynü pozan faktların Vikipediyada qeyd olunduğunu bildirərək bu sayta nəzarət edən qurumun yarana biləcəyini vurğuladı. Biz bunu təklif halında xanımdan götürərək rəhbərliyə təqdim etdik. Eyni zamanda \"Sosial şəbəkələrin səmərəliliyi nədən ibarətdir?\" mövzusunu müzakirə edərək gənclərimizin Azərbaycan həqiqətlərini dünyaya hansı formada çatdırmaları ətrafında fikir mübadiləsi etdik. Daha sonra isə "İdeya layihə və uğurlu nəticə" layihəsi əsasında layihə nədən ibarətdir əsas hansı formada yazılmalıdır və hansı məqamlara diqqət yetirilməli və donorlar təklifləri əsas hansı istiqamətdə verilməsi slayd şəklində təqdim olundu. Təqdimatdan dərhal sonra isə iştirakçılarımız komandalara bölünərək mədəniyyət, təhsil və sağlam həyat tərzinə adi olan maraqlı layihələr hazırladılar. Onu da vurğulamalıyam ki, gənclərimiz daha fəal olanları layihələrini verilən müddətdən daha da tez hazırlayıb təqdim etdilər. Lerik yay məktəbinin sonuncu günü isə fəal olan komandalara partiyamız tərəfindən diplomlar təqdim olundu. Ən sevindirici hal odur ki, biz bu layihələr çərçivəsində yüksək intelektual səviyyəsi olan, vətənini, dövlətin sevən gənclərin bir daha şahidi olduq. Bu kimi gənclərin tanınmasında yay məktəbi layihəsi əsas rol oynayır.

- Yay və Qış məktəbləri layihəsində nə kimi yeniliklər gözlənilir. Digər xarici ölkələrin iqtidar partiyalarının gənclərinin də həmçinin bura dəvəti nəzərdə tutulurmu?

-Vüsalə Niftıliyeva: Hər il demək olar ki, "Yay məktəbləri" layihəsi yenilənərək və təkmilləşərək öz işinə başlayır. Bu il də həmçinin yeniliklər ondan ibarət oldu ki, gənclər layihələrə birbaşa özləri rəhbərlik edib onlara tapşırılan layihələri reallaşdırdılar. Layihənin 3-cü gedişi hələ də davam edir. 4-cü gediş isə iyulun 28-də yekunlaşacaq. Daha sonra isə \"Qış məktəbləri\" öz işinə başlayacaq. Ötən il \"Qış məktəbləri\" layihəsi fevral ayında öz işinə başlayaraq Oğuz və Qəbələ rayonu istiqamətində olmuşdu. Biz xaricdən gələn qonaqlarımızı Qəbələ rayonunda qəbul etdik. Bu il də həmçinin partiyamız tərəfindən xaricdən qonaqların dəvət olunması artıq nəzərdə tutulub. YAP Gənclər Birliyinin \"Yay məktəbi\" layihəsi gənclərimizin milli ideyaların ortaya gətirərək onlarda yeni-yeni fikir və ideyalar yaradaraq bilik və bacarıqlarının inkişafına xidmət edir.

-Zəkiyyə xanım, "Yay məktəbləri" layihəsi ilə bağlı son məqamda digər fikirlərinizi də bir daha bilmək istərdik.

-Zəkiyyə Musayeva: Proqrama \"Liderliyə gedən yol\" adlı çox maraqlı bir ad qoyulması gənclərin nəinki proqram iştirakçısı olmaq, eyni zamanda proqrama özlərinin rəhbərliyinə şərait yaratdı. Onu da qeyd etmək istəyirəm ki, liderliyə gedən yol deyəndə ilk öncə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti yada düşür. Məhz müasir YAP sıralarında olan gənclik də getdiyi bütün yollarda Heydər Əliyevin fəaliyyətindən faydalanaraq siyasi biliklərə yiyələnir. Fürsətdən istifadə edib bu layihəni təşkil edənlərə təşəkkürümü bildirirəm, çünki məhz bu layihə gənclər öz bilik və bacarıqlarını nümayiş etdirib gələcəyimizin təminatçısı kimi yetişmələrində böyük rol oynayır.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə