Hicran Hüseynova: \"Müasir jurnalist yazısına görə məsuliyyət daşımalıdır\"

Hicran Hüseynova: \"Müasir jurnalist yazısına görə məsuliyyət daşımalıdır\"

"Çox az ölkələr var ki, onların Milli Mətbuat Günü qeyd olunsun. Bu, bizə ulu öndərdən yadigar qalan hadisədir". SİA-nın məlumatına görə, bu fikirlər 22 iyul Mətbuat Gününə həsr olunmuş \"Ailə, Qadın və Uşaq Problemləri üzrə aktual məsələlər və onların KİV-də işıqlandırılmasında mətbuatın maarifləndirici rolu\" adlı konfransda səslənib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Jurnalist Qadınlar Assosiasiyası tərəfindən keçirilən və millət vəkilləri, qadın QHT nümayəndələri və jurnalistlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, 22 iyul tarixində, həmçinin Azərbaycan xalqı görkəmli maarifçi, pedaqoq Həsən bəy Zərdabinin 170 illik yubileyini qeyd edəcək.


Mütərəqqi ideyaların carçısı


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən bəy Zərdabinin xatirəsini əbədiləşdirib. Belə ki, həmin tarixdən etibarən həmin gün Milli Mətbuat Günü kimi qeyd olunur.


Komitə sədri qeyd edib ki, bu gün ölkədə çıxan yüzlərlə qəzet, jurnal cəmiyyətdəki aktual problemlərin işıqlandırılması ilə özünə oxucu auditoriyası toplayıb: "Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır. Heç şübhəsiz, bu, ölkə başçısının müstəqil mətbuatın inkişafına və formalaşmasına diqqət və qayğısının nəticəsidir. Təsadüfi deyil ki, 2010-cu ildə Prezident KİV-in inkişafına göstərdiyi xidmətlərinə görə, \"Jurnalistlərin dostu\" mükafatına layiq görülüb\".


H.Hüseynova müasir jurnalistikanın formalaşması məsələlərindən, jurnalistlərin qarşısında duran vəzifələrdən danışaraq qeyd edib ki, müasir jurnalist yazısına görə məsuliyyət daşımalı, insan talelərinə laqeyd qalmamalıdır: "Nəzərə alınmalıdır ki, hər faktın arxasında canlı insan dayanır. Bunun üçün isə jurnalistlərdən peşəkarlıq və humanizmə sədaqət tələb olunur".


Komitə sədri həmçinin, jurnalistlər arasından peşəkar kadrların, ayrı-ayrı sahələr üzrə jurnalist ekspertlərin yetişdirilməsinin də çox vacib olduğunu qeyd edib. H.Hüseynovanın sözlərinə görə, rəhbərlik etdiyi qurumun jurnalistlərlə sıx əlaqələri var: "Bundan sonra da bu əlaqələrin möhkəmlənməsinə çalışılacaq və maraqlı layihələr həyata keçiriləcək. Çünki bizim fəaliyyətimiz aktual problemlərin həllinə yönəlib. Jurnalistlərimiz öz məsuliyyətlərini daha da artırmalı, daha dəqiq və operativ olmalıdırlar".


Mətbuatda qadınların yeri


Mətbuatın cəmiyyətdə oynadığı roldan danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu çətin və şərəfli işdə qadınların əməyini xüsusi vurğulayıb: "Azərbaycan mətbuatında həmişə qadınların yeri olub. Bu gün qadınlar jurnalistikada təxminən 60 faiz təşkil edirlər".


AR Prezidenti yanında KİV İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında 137 illiyini qeyd edən Azərbaycan mətbuatının yaranma tarixinə toxunaraq milli mətbuatımızın keşməkeşli yol keçdiyini xatırladıb. Fond rəhbəri Azərbaycan mətbuatının bugünkü inkişafında sovet dövründə yetişən jurnalistlərin böyük əməyi olduğunu vurğulayıb: "Bu gün də mətbuatın ağırlığı həmin nəslin çiynindədir". V.Səfərli Azərbaycan mətbuatının inkişafına dövlətin daim diqqət göstərməsindən və rəhbərlik etdiyi fond tərəfindən mətbuata göstərilən dəstəkdən, jurnalistlər üçün keçirilən fərdi müsabiqələrdən və s. danışıb. Ölkəmizdə 5000-dən çox mətbu orqanın qeydiyyatdan keçdiyini bildirən V.Səfərli hazırda 300-dən çox qəzetin nəşrinin davam etdiyini diqqətə çatdırıb. Belə ki, onlardan 40-a yaxını gündəlik, 50-yə yaxını həftəlik, digərləri isə aylıq qəzetlərdir.


Cəmiyyətin səsi


AR Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ailə, qadın və uşaq problemlərinin mətbuatda işıqlandırılmasının çox aktual məsələ olduğunu qeyd edib. Hökumət rəsmisi H.B.Zərdabinin dövlət başçısının sərəncamı ilə keçirilən yubiley mərasimlərinə toxunaraq onun 137 il öncə – Azərbaycanın geri qalmış bir dövründə böyük şücaət göstərdiyini, Azərbaycana mədəniyyət gətirdiyini vurğulayıb. A.Əlinin fikrincə, bu gün də Azərbaycan mətbuatı öz sələfi kimi maarifləndirici rolunu unutmayaraq daha çox irəliyə çağırış ruhlu məqalələr verməlidir. Hökumət rəsmisi bu yaxınlarda mətbuatda yer alan "Həsən Bəy Zərdabinin nəvəsi işdən çıxarılıb" məqaləsinə də diqqət yönəldərək qeyd edib ki, Türkiyə mətbuatı tərəfindən də reaksiya verilən hadisəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də obyektiv yanaşaraq məsələni diqqətdə saxlamalıdır: "Heç şübhəsiz, Həsən Bəy Zərdabinin adı ilə bağlı olan bir xanımın incidilməsi yolverilməzdir və bu məsələyə münasibət bildirilməlidir".


"Dünyada elə bir adam yoxdur ki, öz gününə mətbuatla ünsiyyətdən başlamasın" deyən millət vəkili Elmira Axundova Azərbaycan mətbuatının son 20 ildə çətin və şərəfli bir yol keçdiyini söyləyib: "Bunu mən yox, dünyanın ən güclü ekspertləri də təsdiq edir". Millət vəkili son illər mətbuatımızın siyasiləşməsini də təəssüflə dilə gətirib: "Mənə elə gəlir ki, bizim mətbuatımız artıq siyasiləşib. Nə vaxt mətbuatı açanda görürsən ki, dövlət xadimləri, deputatlar, məmurlar, siyasətçilərdən daha çox danışılır. Bəs adi həyat? Cəmiyyət üçün lazımlı olan mövzuların işıqlandırılmasına mətbuat daha çox diqqət yetirməlidir: "Məişət zorakılığı, erkən nikahlar, qadına qarşı zorakılıq və s. hadisələr haqqında hər gün eşidirik. Amma təəssüflər olsun ki, bizim mətbuatımız ilk səhifəyə hansısa deputatın digər bir deputata dediyi sözü çıxarır. Amma bizim ailə ilə, uşaqlarla, cəmiyyətlə bağlı ağrılı problemlərimiz kənarda qalır".


Millət vəkili Qənirə Paşayeva Mətbuat gününü xalqın bayramı adlandırıb: "Mətbuat cəmiyyətin səsidir, güzgüsüdür. Jurnalistika çətin və dəyərli peşədir. Jurnalistlər ən şərəfli peşə sahibi olsalar da, maddi cəhətdən varlı olmurlar. Amma onlara xalqın sevgisi var". Millət vəkili bu cür tədbirlərin formatının dəyişdirilməsini də təklif edib: "Biz tədbiri Həsən bəy Zərdabini anmaq kimi deyil, anlamaq adı altında keçirə bilərik. Çünki Həsən bəy Zərdabi mətbuatın əsasını qoyub. Bunu tək jurnalistlər yox, bütün cəmiyyət anlamalıdır". Jurnalistikanı maarifçilik hərəkatı adlandıran millət vəkili qeyd edib ki, biz müzakirələri məhz bu istiqamətdə qurmalıyıq. Q.Paşayeva müasir jurnalistikanın qarşısında duran problemlərə də toxunub: "Bu gün virtual aləmdə, sosial şəbəkələrdə fəallığın artması çox gözəldir. Amma bunun zərərli tərəfləri də var. Cəmiyyətdə sözün məsuliyyəti düşür. Onda da dəhşət başlayır. Ənənəvi jurnalistika öz mövqeyini qorumalıdır. Mən jurnalistikada maarifçilik hərəkatının artmasını arzulayıram!"


Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova KİV-də rəhbər vəzifələrdə qadınların daha çox təmsil olunmasının tərəfdarı kimi çıxış edib: "Biz qadınlara güvənirik. Jurnalist qadınlarımızın milli mətbuatımızda söz deyəcəyinə əminim". Xanım Yusifova qadın yazarların bu günki mövzuya həmişə müraciət etdiyini dilə alaraq bildirdi ki, misal üçün Esmira Fuadın "Dünyaya naxış insanlar" kitabı elə ailə gələnəklərinə, saglam ailə münasibətlərinə həsr edilib. "Burda qadın jurnalistləri bu günki mövzuya diqqətli yanaşmasını və mövcud durumu real işıqlandırmalı olduqlarını tövsiyə etdilər. Mən inanıram ki, qadın jurnalistlər bu məslələri gündəmdə saxlamağa çalışırlar amma nəzərə alaq ki, böyük KİV-in əksəriyyətində qadınlar qərarverici deyillər". Çıxışının sonunda AJQA-nın rəhbəri bütün jurnalistləri qarşıdan gələn peşə bayramları münasibəti il təbrik etdi.


Tədbirin sonunda Azərbaycanın qadın jurnalistləri tərəfindən İranda həbsdə saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara və İranın hakim dairələrinə müraciət qəbul edilib. Müraciətə 80 nəfər ziyalı qadın imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə