Bu gün Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" layihəsi çərçivəsində Xətai rayonu ərazisində yerləşən Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyev adına 254 saylı orta məktəbdə növbəti seminarını həyata keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynli açıb.
O, tədbir iştirakçılarını salamlayıb və tədbirin mahiyyəti haqqında məlumat verib. Daha sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova və kollektivinə minnətdarlığını bildirib. İlk öncə layihənin slayd təqdimatı olub. Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandırıb.
Qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri,sağlamlıq imkanları məhdud olan insanlar,o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır. Layihə çərçivəsində görülən işlər Bakı şəhəri və 11 rayonu, Abşeron, Sumqayıt və Mingəçevir şəhəri üzrə həyata keçiriləcəkdir. Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində, bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev də çıxış edib, bu sahədə dövlət siyasətinin istiqamətləri və priaritetləri haqqında qısa məlumat verib və vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırıb. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə il ərzində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB