Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

İyulun 18-də Nizami Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspiktivlər" mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, toplantını giriş sözü ilə açan Nizami Rayonun İcra Hakimiyyətinin başçısı Tahir Budaqov artıq müsabiqənin yekunlaşdığını və qaliblərin müəyyənləşdirildiyini bildirib.

Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuat vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaqdır. Milli Mətbuatımızın çətin və şərəfli yol keçdiyini söyləyən icraçı direktor dövlətin müstəqil mətbuata daimi qayğı göstərdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Jurnalist peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışan Vüqar Səfərli qeyd edib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirib. O həmçinin bu cür tədbirlərin jurnalistlərin sosial durumunun yaxşılaşdırılması baxımından faydalı olduğunu vurğulayıb.


Çıxışını davam edən Vüqar Səfərli ötən ay Fondun təşəbbüsü ilə Nizami rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildiyini deyib: "Tanınmış KİV rəhbərlərinin iştirak etdiyi həmin görüşdə rayon icra hakimiyyəti ilə birgə fərdi jurnalist müsabiqəsinin keçirilməsi qərara alınmışdır: İyunun 12-dən iyulun 12-dək davam edən müsabiqəyə ümumilikdə 31 yazı daxil olmuş və onlardan 6-sı qalib hesab edilmişdi. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer (2 nəfər) 800 manat, III yerin (3 nəfər) qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınmışdır. Bunlardan əlavə 10 nəfərə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur". Qalibləri təbrik edən Fondun icraçı direktoru Vüqar Səfərli bu cür tədbirlərin davamlı olacağını bildirib.


Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub.


Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov sonda belə müsabiqələrin jurnalist peşəkarlığının artırılmasında xüsusi rol oynadığını vurğulayaraq qarşıdan gələn Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar qalibləri və Fondun icraçı direktorunu təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə