Səxavət İsmayılov Akif Heydərlinin ittihamlarına cavab verdi - ƏKS-REAKSİYA

Səxavət İsmayılov Akif Heydərlinin ittihamlarına cavab verdi - ƏKS-REAKSİYA

SİA-nın elektron poçtuna Azərbaycan İslam Partiyasının (AİP) keçmiş üzvü Səxavət İsmayılovun imzası ilə məqalə göndərilib. S.İsmayılovun AİP-in sıralarından çıxması barədə istefa bəyanatını dərc etdiyimiz üçün qərara aldıq ki, ikinci məktubunu da dərc edək:


"Bir neçə gün əvvəl, daha dəqiq desəm 16 iyul 2012-ci il tarixdə Azərbaycan İslam Partiyasında tutduğum vəzifədən istefa verdiyim barədə KİV-də xəbər yaymışdım. Düşünürəm ki, partiyadan getmək səbəblərini açıq və hamının başa düşə biləcək səviyyədə göstərmişdim. Amma təəssüflər olsun ki, bəziləri dediklərimi ya başa düşmək istəmirlər, ya da məni kiminləsə səhv salırlar. Bu barədə bir az sonra…


Əslində İslam Partiyası adlı bir təşkilatın bu qədər gücsüz və zəif olduğunu heç düşünmürdüm. Bu təşkilat həmişə böyük iddialarda bulunsa da, dediyim kimi "dəfn olunduğunu" etiraf etdi. Akif Heydərli timsalında AİP-in cavabı və reaksiyası "böğulan saman çöpündən yapışar" deyimini xatırlatdı. Düzdür yaşımı və siyasi təcrübəmi nəzərə alsaq, Akif bəylə özümü bir tərəziyə qoymaq ədalətsizlik olar. Eyni zamanda etiraf edirəm ki, AİP-in ortaya çıxara biləcəyi və siyasi cəhətdən yetkinləşmiş yeganə kadrı Akif Heydərlidir. Hətta Akif bəy AİP-də artıq dördüncü sədrlə çalışır. Bu xöşbəxtlik ondan başqa heç kimə nəsib olmayıb və düşünmürəm, bundan sonra kiməsə nəsib olacaq.


Nə isə Akif Heydərlinin üstün və xoşbəxt cəhətlərini bir yazıda yerləşdirmək mənim kimi təcrübəsiz adam üçün çox çətindir, bəlkə də mümkün deyil. Amma Akif bəyin mənim istefa bəyanatımla bağlı dediyi fikirlərə cavab vermək zorunda qaldığım üçün, bəzi məqamlara toxunmaq qərarına gəldim. Əvvəlcə verdiyim açıqlamanı olduğu kimi oxucuların diqqətinə çatdırıram. "Azərbaycan İslam Partiyası (AİP) Ağstafa rayon komitəsinin nəzarət-təftiş komissiyasının sədri Səxavət İsmayılov partiyada tutduğu vəzifəsindən istefa verib. İstefasının səbəblərindən söz açan Səxavət İsmayılov bildirib ki, İslam Partiyasının mövcud vəziyyəti heç də ürəkaçan deyil və təşkilatın nikbin gələcəyi yoxdur. Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq "fatihəsi"ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək".


Məncə, bu cümlələrdə kimisə təhqir edən element yoxdur. Azad və müstəqil formada AİP-dən uzaqlaşdığımı bəyan etmişəm. Və dediyim hər bir kəlmə üçün məsuliyyət daşıyıram. Fikirlərimlə raılaşmayan AİP təmsilçiləri və digər şəxslərlə istənilən yerdə dialoqa girəməyə hazıram. Akif bəyin fikrinə görə, həqiqi dindar və mömin olmaq üçün mütləq İslam Partiyasında olmaq lazımdır. Əgər kimsə bu partiyadan çıxırsa, İslamdan çıxmış kimi hesab olunur. Axı təqvalı insanların meyarını Allah Quranda çox açıq şəkildə deyib.


İndi isə gələk çox hörmət elədiyim Akif bəyin dediklərinə: "Səxavət İsmayılov komissiya üzvlüyündən hələ 3 il öncə uzaqlaşdırılıb. Buna da səbəb komissiyanın işində onun yarıtmazlığı olub. Bir müddət sonra isə Rusiyaya getdiyindən AİP-lə əlaqələri kəsilib".


Mən Ağstafa rayonunda İslam Partiyasının əsasını qoyan 3 nəfərdən biriyəm. Partiyada fəaliyyətimə gənclər təşkiatının sədri kimi başlamışam. Sonra fəallığımı və savadımı nəzərə alıb, konfransda nəzarət-təftiş komissiyasının üzvlüyünə namizədliyimi veriblər və yekdilliklə seçilmişəm. İstefa verdiyim tarixə qədər (16.07.2012) həmin vəzifədə çalışmışam. Bu müddətdə fəaliyyətimdə zəifləmələr olub. Bu zəifləmələr təkcə mənimlə bağlı deyil. Partiyanın həbsdəki sədrinin siyasəti bunu belə tələb edirdi. Bu barədə danışmağı məsləhət görmürəm.


Akif bəy iddia edir ki, mən üç il əvvəl partiyadan uzaqlaşdırılmışam. O zaman bu barədə bir rəsmi sənəd təqdim etsin. Mən tam əminliklə deyirəm, nəinki mənim uzaqlaşdırılmağım haqqında sənəd təqdim etməyəcək, heç özünün siyasi məsələlər üzrə müavin seçilməsini isbat edən bir kağız parçası da göstərə bilməz. İslam dini müqəddəs və hamımızın itaət etdiyimiz şəriətdir. İslam Partiyası isə siyasi təşkilatdır. Adından istifadə edib sadə insanları aldatmaq ən böyük günah hesab olunur. Akif bəy mətbuatda 20 il ərzində keçirilən konfranslar və iclasların bir protokolunu təqdim etsə partiya haqqında dediklərimi geri götürəcəyəm.


Mənim yarıtmaz olduğumu iddia edən Akif bəyə çox yaxın keçmişi xatırlatmaq istəyirəm. Sonuncu qurultaya yeganə komitə Ağstafa komitəsi idi ki, 20 nəfərlə qatılmışdıq. Qanuna görə 5 nəfərlə Baş Məclisdə təmsil olunmalı idik. Amma ədalətsizcəsinə şəxsən mənim Baş Məclisin üzvü olmağıma ciddi maneələr yaradıldı. Partiyanın ikinci komitəsi yoxdur ki, Ağstafa qədər fəal və təşkilatlanmış olsun. Bu işlərdə isə heç kim mənim zəhmətimi dana bilməz. Yarıtmaz siyasət yürüdən rəhbərlik idi ki, hələ uzun illər bunun acı nəticələrini görəcəyik.


Rusiya məsələsinə gəldikdə, mən hər il bir neçə aylıq yay fəslində Rusiyaya atamın yanına gedib, dincəlirəm. Sonra qayıdıb öz işlərimlə məşğul oluram. Təbii ki, bu, mənim hüququmdur.


Diqqətimi çəkən daha bir məqam budur ki, Akif Heydərli Azadlıq Radiosuna baş verənləri hakimiyyətin təxribatı adlandırıb. Çox gülünc iddiadır. Kimin hakimiyyətin təxribatına uyduğunu özü yaxşı bilir. Mənim dilimdən eşitmək istəyirsə, "məktub məsələsini" danışaram. O zaman minlərlə dindarın inamından sui-istifadə edənlər, elə həmin dindarların nifrətinə tuş gələcəklər.


Sonda Hacı Fəyyaza da bir neçə kəlmə demək istəyirəm. Fəyyaz əmi, mən sizi ağsaqqal kimi qəbul edirəm. Həmişə hörmət və ehtiramla xatırlayıram. Amma haqqımda dediyiniz fikirlər həqiqəti əks etdirmir. Siz də Akif bəy kimi deyirsiniz ki, mən 3 il əvvəl partiyadan uzaqlaşdırılmışam. Axı ən azı mənim ardımca gələn və mənə görə partiya sıralarına qoşulan yüzlərlə üzvümüz var. Sizin belə iddialarınız onlarda partiyaya qarşı şübhələr yaratmırmı? Hacı Fəyyaz, siz mərkəzi-nəzarət-təftiş komissiyasının sədrisiniz, bu vaxta qədər nə vaxt mənimlə görüşüb, maraqlanmısınız? Mən sizinlə görüşüb, bəzi məsələləri diqqətinizə çatdırmaq istəsəm də bu, alınmayıb. Çünki, nə siz, nə də Akif Heydərli öz yerinizdə deyilsiniz. Belə davam edərsə, çox böyük ehtimalla AİP Ağstafa və ətraf rayon komitələrini tam itirəcək. Çünki, mənim haqqımda dediyiniz yalan və iftira ilə dolu fikirlər artıq əqidədaşlarımızın səbr kasasını doldurub. Ümid edirəm ki, bu proses təkcə Ağstafa ilə yekunlaşmayacaq. İddialarınız davam edərsə, istefalar da Quba və Astaraya çata bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə