"İRƏLİ" Gənclik Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, "İRƏLİ" İctimai Birliyi, Standard İnsurance və Qarant Sığorta şirkətləri ilə birgə "Sığorta Akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, bağlanış mərasimində "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı və layihə rəhbəri Orxan Bayramov iştirak ediblər.
Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı Orxan Bayramov layihə ərzində iştirakçıların sığorta sahəsində yiyələndikləri bilik və təcrübə barədə danışıb və təşkilatçılara təşəkkür edərək gələcəkdə birgə əməkdaşlıq çərçivəsində yeni layihələrə imza atacaqlarını qeyd edib.
Daha sonra "İRƏLİ" sədri Rauf Mərdiyev qeyd edib ki, sözügedən layihə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətiylə birgə həyata keçirdiyi sayca 3-cü layihədir. Bundan öncə "Sığortalı gələcək" və Qəbələ rayonunda keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı gələcək" layihəsi baş tutub. Rauf Mərdiyev hər üç layihənin uğurla yekunlaşdığını bildirib: "Hər bir layihənin uğuru onun iştirakçılarının layihədən qazandıqları biliklə ölçülür. Çox sevinirik ki, bu layihələr məhz gənclərin maariflənməsinə yönəlib və bu gün sığorta sahəsinin ölkədə inkişaf etdiyi bir dönəmdə gənclər bu sahə ilə bağlı biliklər əldə ediblər. Ümid edirik ki, əldə etdikləri təcrübə gələcəkdə karyeralarını qurmaqda öz töhfəsini verəcək".
Sonda imtahanda 70 baldan yuxarı nəticə göstərən 6 nəfər iştirakçıya diplom, digər iştirakçılara layihəni uğurla bitirdiklərinə görə sertifikat təqdim edilib və xatirə şəkili çəkilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti
Xidməti "İRƏLİ" İctimai Birliyi, Standard İnsurance və Qarant Sığorta şirkətlərinin birgə həyata keçirdiyi "Sığorta Akademiyası" layihəsi 3 ay müddətində davam edib. Layihə çərçivəsində iştirakçılar ölkənin sığorta üzrə ən tanınmış mütəxəssisləri tərəfindən intensiv kurslar, sığorta şirkətlərində praktika keçiblər. Layihənin sonunda 5 nəfər iştirakçı ölkənin ən böyük Standard İnsurance, "Atəşgah" və "A" Group sığorta şirkətlərində işlə təmin olunma imkanı qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB