Azərbaycanda narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır

Azərbaycanda narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır

\"Azərbaycanda qeydiyyata düşən narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.


Onun sözlərinə görə, narahatedici fakt narkotik istifadəçilərinin yaş senzinin azalmağa doğru getməsi, yəni bu faktın gənclər arasında getdikcə daha çox qeydə alınmasıdır.


\"Azərbaycanda hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində son 5 ildə 5 tondan artıq narkotik maddələr dövriyyədən çıxarılıb\", - Əfəndiyev bildirib.


Ofis rəhbəri onu da qeyd edib ki, Azərbaycanda hələ ki əsas üstünlük marixuana və həşiş kimi narkotik vasitələrə verilir. Eyni zamanda, o deyib ki, bu ilin 6 ayında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 50 kiloqrama yaxın heroin dövriyyədən çıxarılıb: \"Qeyri-qanuni dövriyyədən çıxarılmış narkotik maddələr sübut edir ki, Azərbaycana daha çox İrandan gətirilən narkotiklər üstünlük təşkil edir və bunlar da opioid qrupuna aid olan narkotiklərdir\".


Vəziyyətdən çıxış yolunu düzgün təbliğatın aparılmasında görən Ofis rəhbəri qeyd edib ki, narkotiklərin yayılmasının qarşısını xüsusi informasiya portalı, sosial şəbəkələr vasitəsilə, düzgün təhsil konsepsiyası əsasında maarifləndirmə işini həyata keçirməklə, cəmiyyətə daha dolğun və düzgün məlumatları çatdıraraq, sağlam həyat tərzini təbliğ etməklə almaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə