Gənclər Fonduna layihə qəbulu başa çatdı

Gənclər Fonduna layihə qəbulu başa çatdı

Azərbaycan Gənclər Fondu 8 iyun 2012-ci il tarixində ilk qrant müsabiqəsini elan edib. Müsabiqədə iştirak etmək üçün Gənclər Fondun saytında ( www.youthfoundation.az ) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər.


SİA-nın aldığı xəbərə görə, müsabiqə Fondun saytında qeyd olunan 5 kateqoriya – A, B, C, D və E kateqoriyaları üzrə keçirilib. Qeyd etmək istərdik ki, A, B və C kateqoriyaları üzrə layihə qəbulu 15 iyul tarixində dayandırılıb. Digər 2 kateqoriya üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunur. Ümumilikdə Fondun saytında 172 təşkilat və 83 nəfər gənc individual formada qeydiyyatdan keçiblər.


Nəzərinizə çatdıraq ki, A kateqoriyası – yerli layihələr üzrə gənclərin daha çox marağına səbəb olmuş və bu kateqoriya üzrə 127 layihə təklifi gəlmişdir. Digər kateqoriya B – beynəxalq layihələr üçün nəzərdə tutulmuş və məhz bu kateqoriya üzrə 19 layihə təklifi qəbul olunub. Növbəti kateqoriya C kateqoriyası - yaradıcı gənclərə dəstək layihələri istiqamətindədir. Bu kateqoriya üzrə isə 19 müraciət olmuşdur. Fondun saytında qeyd olunmuş digər 2 kateqoriya D və E kateqoriyaları üzrə mütəmadi olaraq müraciətlər qəbul olunur. D kateqoriyası gənc alimlərin, ictimai fəal istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılmış və hal-hazırda bu kateqoriya üzrə 11 müraciət gəlib. Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriya ilə çoxsayda xarici vətəndaşlar və təşkilatlar maraqlanmış, lakin hələ rəsmi müraciət olmayıb.


Məlumatda bildirilir ki, hal-hazırda Fondun əməkdaşları tərəfindən layihə təkliflərinin siyahıları hazırlanır. Fonda gəlmiş bütün müraciətlər baxılması üçün Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasına təqdim olunacaqdır. Müşahidə Şurasının qərarından sonra iyul ayının sonunda qalib layihələrin siyahısı Fondun saytında yerləşdiriləcək və mətbuata açıqlanacaqdır. Fonda daxil olan layihələrin siyahısı ilə bu ünvanda http://youthfoundation.az/layih%C9%99-q%C9%99bulu-basa-catdi-2/ tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə