Oğuz rayonunda \"Yay Məktəbi\" layihəsi uğurla davam edir - FOTOLAR

Oğuz rayonunda \"Yay Məktəbi\" layihəsi uğurla davam edir - FOTOLAR

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbi Oğuzda öz işinə başlayıb. Oğuzda YAP-çı gənclər Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyan gənclər ulu öndərin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.


Daha sonra YAP-çı gənclər Oğuz rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edərək burada onlar Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Eyni zamanda, qonaqlara Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib.


Nəzərdə tutulduğu kimi gənclər arasında "İnteraktiv oyun" keçirilib. Yarışmanın təşkilatçıları olan Tural İbadov və Ruslan Lətifovun şərtlərinə görə oyunçuların sayı 5 nəfər olmaqla " Buta", "Oğuz", "Yenilməz YAP", "ÜNSTRR", "Vəhşi team" adlı komandalarına bölünüb. Yarışmada bütün komandalara eyni vaxtda 13 sual verilərək yazılı surətdə onların verdikləri cavablar müəyyən edilib. Sualların məntiqli və düşündürücü olması komandalar arasında rəqabəti daha da gücləndirib. Buna baxmayaraq, yarışmanın sonuna yaxın qələbəyə nazmizəd "Vəhşi team" və "ÜNSTRR" komandaları mübarizəni davam etdirirdilər. Duet finalında məhz bu komandaların hər ikisinə 5 sual verilib və düzgün cavabların say çoxluğuna görə "ÜNSTRR" komandası qalib gəlib.


Sonra \"Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə\" mövzusunda diskussiya keçirilib. Tədbirdə \"Yay Məktəbi\" layihəsinin Oğuz rayonunda keçirilən qrupuna rəhbərlik edən Milli Məclisin deputatı Mirkazım Kazımov tədbirlə bağlı məlumat verib. Bildirib ki, YAP-ın təşəbbüsü ilə "Liderliyə gedən yol" Yay məktəbi təşkil edir. Bu məktəblər Azərbaycanın bir sıra regionlarında o cümlədən Lerik və Oğuzda keçirilir. Bu da bizim ölkəmizin sürətli iqtisadi inkişafı ilə əlaqədardır. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması ilə bağlı Sərəncam verib. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. Tədbirdə partiyanın üzvləri \"Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası\" ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb. Günün ikinci yarısında isə "Azərbaycan gəncliyi" adı altında treninq keçirildi.


Treninqdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərromov bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.


Daha sonra isə Oğuz rayonunun gənc fəallarından Elnur Əliyev, Fuad Rzayev, Adil Məmmədli, Mehman Ramazanov "Azərbaycan gəncliyi" ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, Dövlət Proqramında gənclərin məşğulluğu ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub. Bir tərəfdən gənclərin boş olan dövlət vəzifələrində yerləşdirilməsi, onların imkanlarından dövlət qulluğunda istifadə olunması, digər tərəfdən, başqa müəssisələrdəki iş yerləri, xüsusən də xarici transmilli müəssisələrin Oğuzdakı iş yerlərinə gənclərin cəlb edilməsi kimi məsələlər əksini tapacaq. Eyni zamanda, Dövlət Proqramında gənclərin kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli və güzəştli şəraitin yaradılması, onların ayrı-ayrı proqramlarının maliyyələşdirilməsi, gənclərin özəl işlə məşğul olması üçün dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondu çərçivəsində müxtəlif kreditlərin verilməsi kimi məsələlərin həlli nəzərdə tutulub.


İctimai müzakirələrdən sonra proqrama uyğun olaraq şam yeməyindən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib.


Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi \"Yay Məktəbi\" layihəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə