"Azadlıq" qəzetinin 14 iyul 2012-ci il tarixli sayında "Şəhid ailəsi İlham Əliyevdən borc istədi" başlıqlı məqalə dərc olunub. Məqalədə Şəki şəhərində anadan olmuş və 05 iyun 2012-ci il tarixdə Qazax rayonunu ərazisində şəhid olmuş əsgər Xalis Əzizovun bibisi Afət Əsədovanın şəhidin "qırx" mərasiminin keçirilməsi və qəbirüstü abidəsinin götürülməsinə köməklik göstərilməsinə şəhər rəhbərliyi tərəfindən imtina edildiyi bildirilib.
SİA-nın Şimal-Qərb bürosunun əməkdaşı ittihamın ciddiliyini nəzərə alıb Şəki Şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirməsini xahiş edib. İcra Hakimiyyətindən məqalədə dərc olunanlarla bağlı bildiriblər ki, şəhid X.Əzizovun bibisi A.Əsədovanın qeyd etdikləri həqiqətə uyğun deyil, böhtan xarakter daşıyır. Belə ki, şəhid Xalis Əzizovun Şəki şəhərində dəfn və "üç" mərasimləri şəhər icra hakimiyyəti tərəfindən bütün islam qaydalarına uyğun olaraq təşkil olunub, şəhər rəhbərliyi bu tədbirlərdə iştirak edib, ailənin problem və qayğıları ilə yaxından maraqlanıb, maddi və digər köməkliklər göstərilib. Şəhidin "qırx" mərasiminin, eləcə də qəbiriüstü abidəsinin götürülməsini də şəhər icra hakimiyyəti öz üzərinə götürüb. Şəhidin qəbirüstü götürülərək mərmərdən hazırlanmış daş qoyulub, ətrafı abadlaşdırılıb.
Müxalifətin tribunası hesab olunan "Azadlıq" qəzeti həmişə olduğu kimi, yenə də yalan, böhtan xarakterli məqalələri dərc etməklə oxucuların diqqətini özünə cəlb etmək istəyir. Onsuz da oxunmayan bu kimi müxalifət qəzetləri ona ötürülən və heç bir həqiqətə uyğun olmayan məlumatı yoxlamadan, araşdırmadan, tələsik qəzet səhifəsinə çıxarmaqla əslində peşəkarlıq səviyyəsinin olmadığını bir daha təsdiqləyir. Təəssüflər olsun ki, bu qəzet indi də şəhid adı ilə alver edir. Mənəviyyatsızlığın ən pis təzahürü olan bu yazı dərc olunandan 3-4 gün əvvəl şəhidin qəbirüstü götürülüb, ona layiq olan səviyyədə baş daşı qoyulub. Çox təəssüflər ki, şəhid atası görülən işlərlə bağlı minnətdarlıq və razılıq hissini bildirsə də, əslində şəhidin və ailəsinin adından istifadə edən bibisi Afət Əsədova sadəcə olaraq şəhid adı ilə spekulyasiya ilə məşğul olub. Şəhidin valideynlərinin yox, onun bibisinin qərəzli mövqeyini tez-tələsik qəzet səhifəsinə çıxaran "Azadlıq" qəzeti yoxlanmamış məlumatı dərc etməklə əslində şəhidin ruhunu təhqir edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB