Qənirə Paşayeva Sarayevo Beynəlxalq Universitetin rektoru ilə görüşüb
Millət vəkili universitetdə keçirilən "Beynəlxalq ailə" konfransında iştirak edib
Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva Bosniya və Hersoqovinada Sarayevo Beynəlxalq Universitetin rektoru Özer Çinar ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, 17-ci ili tamam olan Srebrenitsa Soyqırımı qurbanlarının anım tədbirlərində iştirak etmək üçün Bosniya və Hersoqovinaya gəldiyini deyən millət vəkili Srebrenitsa və Xocalı Soyqırımı kimi insanlığa sığmayan cinayətlərin bir daha təkrarlanmaması üçün ciddi çalışmaların aparılmasının vacibliyini qeyd edib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın öz müstəqilliyini bərpa etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. Millət vəkili Qənirə Paşayeva BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, Avropa Parlamentinin qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsini də diqqətə çatdırıb. Millət vəkili eyni zamanda Azərbaycanın tarixi torpaqları olan İravən barədə də ətraflı məlumat verib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Bosniya və Hersoqivanın ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyinə də toxunub.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığa başlamaq niyyətində olduqlarını və əlaqələrin genişlənməsindən böyük məmnuniyyət duyacağını da bildirib.
Millət vəkili Qənirə Paşayeva Sarayevo Beynəlxalq Universitetin rektoru Özer Çinarı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmnunluq duyacağını deyib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sarayevo Beynəlxalq Universitetin rektoru Özer Çinara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.
Millət vəkili Qənirə Paşayeva Sarayevo Beynəlxalq Universitetdə keçirilən "Beynəlxalq ailə" konfransında da iştirak və çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB