Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 ayın hesabatını açıqladı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 ayın hesabatını açıqladı - FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2012-ci ilin birinci yarımilində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov müasir Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının bütün istiqamətlərində əldə etdiyi tarixi nailiyyətlərin miqyasının daim genişləndiyini, hər zaman mərhələsinin bütün sahələrdə qazanılmış yeni uğurlarla ölkəni böyük perspektivlərə doğru daha da yaxınlaşdırdığını deyib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasətinin 2012-ci ilin birinci yarımilində də respublikamıza yeni uğurlar gətirdiyini vurğulayan nazir Fizuli Ələkbərov bu müddətdə ölkədə ümumi daxili məhsulun 1,5 faiz, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edən qeyri-neft iqtisadiyyatının 11,3 faiz artdığını qeyd edib. Nazir bildirib ki, iqtisadi artım sosial sahədə də müsbət göstəricilərin davamlı şəkildə yüksəlməsi ilə müşaiyət olunur. Bunun real ifadəsi kimi, cari ilin 6 ayında əhalinin pul gəlirləri 2,2 faizlik inflyasiya göstəricisini 12 faiz üstələyərək 14,2 faiz artmış, eyni zamanda 37 mini daimi olan 46 min yeni iş yeri açılmışdır.

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm dövlət başçımızın bildirdiyi kimi, bu gün Azərbaycanda həm bazar iqtisadiyyatı, həm də sosial ədalət prinsipləri eyni dərəcədə əsas tutulur. Ölkə rəhbərinin həyata keçirdiyi siyasət məhz Azərbaycan vətəndaşının firavanlığının təminatına xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rifahlı cəmiyyət quruculuğuna xidmət edən bu siyasətin icrasına öz töhfələrini vermək əzmi ilə fəaliyyət göstərir.

İclasda nazirlik tərəfindən görülən işlər barədə məlumat verilərək bildirilib ki, cari ilin 1 iyul tarixinə respublikada 634 491 nəfəri əhatə edən 142 886 ailənin hər birinə ayda orta hesabla 109,50 manat olmaqla ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-ci ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3 dəfəyə qədər artırılaraq 84 manata çatdırılıb. İndi artıq 27 rayonda vətəndaşlar ünvanlı yardımı almaq üçün alternativ qaydada, yəni poçt və elektron qaydada müraciət etmək imkanına malikdir.

Yardımların təyinatında şəffaflığın artırılması, məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün yaradılan alternativ müraciət mexanizmləri cari ilin sonunadək bütün ölkədə tətbiq ediləcək.

Mütərəqqi dünya təcrübəsi əsasında ünvanlı yardım sistemi ilə paralel olaraq, aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, dövlət yardımından asılı vəziyyətdən çıxmaları üçün aktiv tədbirlər vasitəsilə dəstək verilməsi işləri cari ilin 6 ayında da davam etdirilib. Belə ki, artıq Tovuz, Xaçmaz, Masallı, İsmayıllı, Nizami, Füzuli rayonlarında və Sumqayıt şəhərində Özünədəstək-birdəfəlik ünvanlı sosial yardım proqramı tətbiq olunub. Bu proqram ilk növbədə mərhələli şəkildə bütün cəbhəyanı kəndlərdə, ümumən ölkənin hər bir rayonunda icra olunacaq.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 519 nəfər vətəndaş münasib işlə təmin edilib, peşə hazırlığı kurslarına 1797 nəfər, haqqı ödənilən ictimai işlərə isə 778 nəfər cəlb olunub. Bu sahədə yeni formatda aktiv məşğulluq tədbiri kimi, səyyar Əmək Birjalarının təşkili məqsədilə xüsusi hazırlanmış nəqliyyat vasitələrinin alınmasına başlanılıb.

Qeyd olunan müddətdə 3526 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8583 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 282 026 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 233 697 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 51 nəfərin əvvəlki işinə bərpa olunması, 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Son illərdə əməyin mühafizəsi sahəsində həyata keçirilən davamlı tədbirlər nəticəsində istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 128-dən 96-ya, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 53-dən 28-ə enib. Cari ilin yanvar ayında isə işçi hüquqlarının etibarlı müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların səylərinin əlaqələndirilməsi məqsədilə Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb.

Ötən il nazirlikdə yaradılan, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura cari ilin birinci yarısında da yeni sosial proqramların icrası, sosial qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması işlərində fəal iştirak edib. Bu ildən isə qabaqcıl dünya təcrübəsi əsasında, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinə cəlb edilib.

Dövlət başçısının növbədə dayanan bütün müharibə əlilləri və şəhid ailələrinin yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları üçün verdiyi tapşırıqlara əsasən, həmin insanlar üçün mənzil tikintisi getdikcə sürətlənir. Bu vaxtadək artıq 5000-ə yaxın mənzil tikilərək istifadəyə verilmişdir. Cari ilin sonunadək Gəncə şəhərində, Sabunçu və Suraxanı rayonlarında hər biri 81 mənzilli, Sumqayıt şəhərində 96 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Nərimanov rayonunda isə gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir.

Həmçinin yaxın aylarda Səbail rayonunda 96 mənzilli, daha 4 rayonda hər biri 36 mənzilli, 5 rayonda hər biri 54 mənzilli binaların inşasına başlanacaq. Bununla yanaşı, sosial müdafiə əhəmiyyətli yeni layihələrin inşası işləri aparılır. Belə ki, hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinçi korpus inşa olunur. Eyni zamanda, Saray və Şaqan internat evlərində olduğu kimi, bütün sosial xidmət müəssisələrində müasir standartlara uyğun şəraitin yaradılması işlərinə başlanıb. Bu müdətdə əlillərin avtomobillə təminatı işləri də davam etdirilib və beləliklə, indiyədək 3350-dən çox müharibə əlilinə avtomobil verilib.

Müvafiq Dövlət Proqramına əsasən, əlilliyi olan şəxslərin ölkə daxilində, eləcə də xaricdə bərpa müalicəsi, onların mənalı istirahəti, yaradıcı əlillərin dəstəklənməsi, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilib.

Yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. 2011-ci il və cari ilin birinci yarım ili ərzində nazir və nazirliyin digər rəhbər şəxsləri hər ay bir neçə dəfə müxtəlif bölgələrdə olaraq ümumilikdə 850 nəfərə yaxın vətəndaşı, həmçinin nazirlikdə yaradılmış VS (videokonfrans) sistemi vasitəsilə bölgələrdə yaşayan ayrı-ayrı vətəndaşları distant formada qəbul edib. Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.

Kollegiya iclasında görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib və sonda nazirliyin Kollegiyasının qərar layihəsi oxunaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə