"Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə" mövzusunda konfrans
İyulun 14-də Gəncədə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə" mövzusunda konfrans keçiriləcək. Şəhərdəki Azərbaycan Dövlət Aqrar Universitetinin bir vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin iclaslarının düzənləndiyi tarixi zalında baş tutacaq tədbirdə ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər, yerli ziyalılar, Gəncə və ətraf bölgələrdə çıxan qəzetlərin təmsilçiləri, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Azərbaycan milli mətbuatının 137-ci ildönümünə həsr olunmuş konfransda milli mətbuatımızın banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabi irsindən söhbət açılacaq, onun yaratdığı "Əkinçi" qəzetinin ictimai fikir tariximizdə oynadığı rola diqqət yetiriləcək, ötən müddətdə keçilmiş yola nəzər salınacaq, jurnalistikamızın hazırkı durumu ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, konfrans iştirakçıları tədbirdən öncə Gəncə şəhərində mətbuat evinin təməlqoyma mərasiminə də qatılacaqlar. Mərasimdə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai-siyasi xadimlər, bölgədə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, bununla bağlı ideya ötən ilin oktyabrında Gəncədə baş tutan "Dövlət müstəqilliyimiz və media" mövzusundakı konfransda səslənmişdi. Həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təşəbbüsün dəyərləndirilməsi imkanlarının mövcudluğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB