Millət vəkili: “Xocalı və Srebrenitsa Soyqırımlarını unutmayacaq və unutdurmayacağıq” - MÖVQE
Millət vəkili Qənirə Paşayeva Srebrenitsada soyqırımlara həsr olunan konfransda iştirak edib və Srebrenitsa Qurbanları Anaları Cəmiyyəti ilə görüşüb
Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva Srebrenitsa bölgəsində 17-ci ili tamam olan Srebrenitsa Soyqırımını qınama və qurbanlarını anma tədbirləri çərçivəsində soyqırımlara həsr olunan konfransda iştirak edib. Millət vəkili konfrans çərçivəsində Srebrenitsa Qurbanları Anaları cəmiyyətinin prezidenti Munira Subasiç və təşkilata üzv olan şəhid anaları və ailələri ilə görüşüb və onlara Azərbaycan xalqının başsağlığını çatdırıb və bir daha bu cür cinayətlərin, soyqırımların təkrarlanmamasını dua etdiklərini deyib. Millət vəkili Qənirə Paşayeva çıxışı və görüş zamanı Srebrenitsa soyqırımını insanlığa sığmayan bir cinayət kimi dəyərləndirib və bildirib ki, müasir dünyada bu kimi cinayətlərin baş verməsi utancverici haldır: "Azərbaycan xalqı bosniyalı bacı-qardaşlarını çox yaxşı anlayır, çünki azərbaycanlılar nəinki XX əsrin əvvəllərində, həm də sonlarında ermənilər tərəfindən soyqırıma məruz qalıb. Xocalı Soyqırımı, Bağanis-Ayrım, Qaradağlı qətliamları törədilib. Biz Xocalı və Srebrenitsa Soyqırımlarını unutmayacaq və unutdurmayacağıq", - deyə millət vəkili bildirib.
Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlar bu cür cinayətlərə laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdırlar və müasir dünyada bu kimi utancverici, insanlığa sığmayan cinayətlərin baş verməsinin qarşısının alınması istiqamətində ciddi çalışmaların görülməsi vacibdir.
Millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən və beynəlxalq təşkilatların bi məsələlərə laqeyid münasibətindən də danışıb.
Millət vəkili Qənirə Paşayeva Srebrenitsa Soyqırımı qurbanlarına həsr olunan muzeyə də baş çəkib və Srebrenitsa Qurbanları Anaları cəmiyyətinin prezidenti Munira Subasiç və təşkilatın üzvlərini Azərbaycana dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB