"Yay məktəbi"nin iştirakçıları ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 43-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etdilər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün "Yay məktəbi"nin ikinci turunun 5-ci günündə gənclərin Oğuzdakı qrupu səhər saatlarında daha bir tədbir keçirib. SİA-nın Oğuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərlik etdiyi qrup ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 43-cü ildönümü ilə bağlı tədbirdə iştirak edib.
Tədbirdə öncə ümummilli liderimizin hakimiyyətə gəlişi ilə bağlı video-rolik nümayiş olunub.
Daha sonra "Səs" qəzetinin baş redaktoru B.Quliyev çıxış edib. O, ümummilli liderimizin hakimiyyətə gəlişindən, Azərbaycan üçün gördüyü işlərdən, ölkəmizin inkişafı üçün göstərdiyi xidmətlərdən danışıb. "Ulu öndər Heydər Əliyev Azərbaycan üçün bütün sahələrdə böyük xidmətlər göstərib. O, elm sahəsinə də çox böyük önəm verib. İndi yüksək vəzifələrdə çalışan şəxslərin əksəriyyəti təhsil almaları, ziyalı kimi, siyasi xadim kimi yetişmələri üçün məhz ümummilli lider Heydər Əliyevə borcludurlar",- deyə baş redaktor qeyd edib.
B.Quliyev 1990-cı ilə qədərki və ondan sanrakı illərdə Azərbaycanda iqtisadi, siyasi durum barədə danışıb. O, xalqımızın azadlıq mübarizəsindən söz açaraq gənclərə o zaman baş verənlər barədə məlumat verib: "Həmin illərdə hakimiyyətdə olan qrupların səriştəsizliyi özünü açıq-aşkar büruzə verirdi, ölkədə xaos hökm sürürdü. Bu gün onların özləri də etiraf edirlər ki, hakimiyyəti saxlaya bilmirdilər. O zaman xalqımız ulu öndər Heydər Əliyevdən xahiş edərək yenidən hakimiyyətə gəlməsini istədi. Həmin dövrdə təkcə xalqımız yox, eyni zamanda AXC-Müsavat hakimiyyətinin təmsilçiləri də məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı bəlalardan, xaosdan qurtara biləcək yeganə lider kimi qəbul edirdilər. Yalnız Onun xalqımızı bu vəziyyətdən çıxara biləcəyinə əmin idilər. "Səs" qəzeti vasitəsi ilə ulu öndərimizə müraciət olundu və müasir Azərbaycanın memarı, xilaskarı Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Yeni Azərbaycan Partiyası yaradıcısı və sədri ümummilli liderimiz bütün çətinlikləri öz üzərinə götürdü, apardığı məqsədyönlü siyasəti ilə xalqımızı, dövlətimizi çətin vəziyyətdən çıxartdı. O, ölkədə xaosu aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını aldı. Ulu öndərin hakimiyyətə gəlişindən qısa müddət keçməmiş Azərbaycanın yeni inkişaf erası başlandı. Ölkəmiz həm iqtisadi, həm də digər sahələrdə sürətlə inkişaf etməyə başladı. Azərbaycan Respublikasının yeni Konstitutsiyası qəbul olundu".
Baş redaktor Azərbaycanın bütün sahələrdə inkişafının təməlinin məhz o dövrlərdə ulu öndərimiz tərəfindən qoyulduğunu bir daha vurğulayıb.
B.Quliyev ulu öndərimizin prezident İlham Əliyevə tam şəkildə inandığını və bu barədə xalqa müraciətində bir daha qeyd etdiyini diqqətə çatdırıb: "2003-cü ildə ulu öndərimiz xalqımıza müraciət etdi və bildirdi ki, İlham Əliyevə tam şəkildə inanır. Ümummilli liderimiz qeyd etdi ki, Onun başa çatdıra bilmədiyi işləri siyasi varisi İlham Əliyev daha modern formada, yüksək səviyyədə həyata keçirəcək. Xalqımız da cənab İlham Əliyevə inandı, onu seçdi və onunla gələcəyə doğru inamla irəliləyir".
Daha sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaranması barədə çəkilmiş video-roliki izləyiblər.
Tədbirdə Zəkiyyə Musayeva mövzu ilə bağlı çıxış edib. O, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Z.Musayeva ümummilli liderimizin ideyalarının uzun illər gənclərimiz üçün lazımlı olacağını, gəncliyimizin bu ideyalar ətrafında daim birləşəcəyini qeyd edib.
Daha sonra isə gənclər mövzu ətrafında çıxış ediblər.
Elgün Vidadioğlu
Oğuz-Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB