Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün \"Yay məktəbi\" çərçivəsində Oğuzda - "Afra" oteldə məskunlaşmış gənclər qrupu daha bir tədbir keçirib. SİA-nın Oğuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Yay məktəbi"nin ikinci turunun 4-cü günündə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərlik etdiyi qrup axşam saatlarında iki hissəyə bölünərək şərti konfranslar təşkil ediblər. Konfransları isə seçilmiş münsiflər heyəti dəyərləndiriblər. Münsiflər heyətinə B.Quliyevin rəhbərliyi ilə 5 üzv seçilib.
İlk öncə şərti olaraq "Oğuz Liderləri" klubu adlandırılan qrup "KİV və müasir cəmiyyət" mövzusunda konfrans keçirib. Konfransa Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb. Daha sonra KİV haqqında şəkillərdən ibarət slayd-şou təqdim olunub. Qrupun üzvləri Fuad Əsgərov və Təbriz Xosrov "KİV", "Müasir cəmiyyət və KİV" mövzusunda çıxış ediblər. Daha sonra "Oğuz yurdu" qəzetinin baş redaktoru Nazim Hüseynli ilə hazırlanmış video-reportaj tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda qrupun əməkdaşı Taciyə Mehdiyeva çıxış edərək, Mətbuat Günü münasibəti ilə media işçilərini təbrik edib.
Kiçik fasilədən sonra "Gənc Heydərçilər" klubu adlandırılan qrup "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfransa başlayıb. Aparıcı Lamiyə Cəlilova tədbir iştirakçılarını salamladıqdan sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. L.Cəlilova ümummilli liderimizin zəngin irsindən söz açıb.
Daha sonra isə tədbirdə "Heydər Əliyev və Azərbaycan" mövzusunda video-rolik nümayiş olunub.
Klubun üzvü Nigar Talıbova "Heydər Əliyev ideyaları bu gün", Nərmin Ərəbli "Azərbaycan gənclərinin I Forumu", Cəmalə Kərimli "Heydər Əliyev və təhsil", İnarə Əzimzadə "Xaricdə təhsil", Altun Yasinli isə "Heydər Əliyev və Azərbaycan Respublikasının silahlı qüvvələri" mövzusunda çıxış edib.
Sonda Təvəkkül Kərimli ulu öndər Heydər Əliyevdən bəhs edən şeri tədbir iştirakçıları üçün səsləndirib və tədbir başa çatıb.
Daha sonra isə münsiflər heyəti konfransı təşkil edən qruplara öz irad və tövsiyələrini bildiriblər.
Qeyd edək ki, konfranslarda fəallığı ilə seçilmiş gənclər münsiflər heyətinin rəyi ilə "Yay məktəbi"nin ikinci turunun sonunda mükafatlandırılacaqlar.
Elgün Vidadioğlu,
Oğuz-Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB