ABUC sorğunun nəticələrini açıqlayıb
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin (ABUC) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi çərçivəsində Bakı və Muğan bölgəsi əhalisi arasında keçirdiyi sorğu başa çatıb. SİA-ya verilən məlumata görə, bu barədə iyulun 12-də ABUC-nin keçirdiyi mətbuat konfransında məlumat verilib.
Layihənin rəhbəri Elman Cəfərli deyib ki, sorğu 15 gün ərzində Abşeron və Muğan bölgələrini əhatə edib. Sorğular 5 nəfər intervuyer tərəfindən aparılıb. Onların 2-i Bakı və ətraf ərazilərdə, 3-ü isə Saatlı, Şirvan və Salyan rayonlarında fəalliyyət göstərib.
Sorğudan öncə sosioloq-ekspertin iştirakı ilə intervuyerlərlə bir günlük təlim keçirilib. Bakı şəhərində sınaq sorğusu həyata keçirilib. Sorğunun əsas məqsədi müxtəlif yaş qruplarından olan insanların reklama olan münasibətlərini aşkarlamaq və müqayisə etmək, insanların reklama inanma dərəcələrinin müəyyən etmək, reklamın onların həyatında hansı rol oynadığını müəyyən etmək, reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi barədə sakinlərin fikirlərinin öyrənilməsindən ibarət olub.
Sorğuda respondentlərin reklamlara inamı, reklamların insanların davranışına təsiri, ölkədə reklamların hazırlanma səviyyəsinə münasibəti və reklam qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri öyrənilib.
Sorğuda 321-i (64.2%) kişi, 179 (35.8 %) qadın olmaqla 500 respondentin rəyi öyrənilib. Onların 136 (27.2%)-ı 18-29 yaş arası, 27-i (5.4%) 30-39 yaş arası, 210 (42%)-i 40-49 yaş arası, 110 (22%)-i 50-59 yaş arası, 17 (3.4%)-i isə 60 yaşdan yuxarı olan əhali qrupunu əhatə edib. Respondentlərin 373 (74.6%) işləyən, 127 (25.4%)-i isə işsiz olub.
"Reklamlara necə münasibət bəsləyirsiniz?" - sualına respondentlərin 22.4%-i "çox yaxşı", 18%-i "çox pis", 35.6% "pis", 24%-i isə "yaxşı" cavabını qeyd edib.
"Reklamları necə xarakterizə edərdiniz"- sualını cavablandıran respondentlərin 4.8%-nin fikirində "reklam inkişafa xidmət edir", 33.4% isə hedab edir ki, reklamlar yalnız insanları aldatmaq üçündür, rəyi soruşulanların 6.2% düşünür ki, "insanlara keyfiyyətli mallar almağa xidmətlərdən istifadə etməyə yardım göstərir", 45,4% isə hesab edir ki, "reklam verənlər insanları düşünmürlər, yalnız müştəri cəlb etmək istəyirlər, respondentlərin 10.2% fikrincə, "reklamlar mal və xidmətlər bazarında insanlara seçim etməyə kömək edir".
"Reklamlara inanırsınızmı" sualını cavablandıran respondentlərin, - 7.6% - "qətiyyən yox", 5% - "inanıram", 2.4% - "o qədər də yox", 1.2% - " hərdən düz deyirlər", 34.4% - "reklamlarda həqiqət payı azdır", 46.6% - "reklamlar yalnız şişirtməyə xidmət edir", 2.6% - "Reklamlarda həqiqət payı çoxdur", - cavablarını veriblər.
Respondentlərin 8.8% hesab edir ki, reklamlar insanların davranışına Çox güclü təsiri var, 3.4% düşnür ki, "insanları yönəldir", 64% qeyd edib ki, "əksəriyyət onsuz da reklamlara inanmır", 12.4% fikrincə müəyyən qism insanlar reklamlara inanırlar, 11.4% bildirib ki, "reklamlar insanları bezdirib".
Rəyi soruşulanların yalnız 12,4 faiziniin fikrincə, Azərbaycanda reklamlar çox peşəkar hazırlanır.
"Necə düşünürsünüz reklamları məhdudlaşdırmaq, yoxsa daha da genişləndirmək lazımdır," sualına respondentləırin cavabı belə olub:
"Reklamlar onsuz da çoxdur" - 49%, "məhdudlaşdıırılsa yaxşı olar" - 19.4%, "mənim üçün fərqi yoxdur" - 28.2% , "daha da genişləndirilməlidir" - 3.4%.
Respondentlərin 10.2% hesab edir ki, "yol kənarında, küçələrdə və meydanlarda reklam löhvələrinin dəqiq yerləri və standartları müyyənləşməlidir ki, insanlara mane olmasın", 6.2% düşünür ki, televiziyalarda reklamın verilməsi ilə bağlı qaydalar daha da təkmilləşdirilməlidir, 22% qeyd edib ki, dərman vasitələrinin reklamı ilə bağlı xüsusi qaydalar olmalıdır, 25.6% isə bildirib ki, "reklamların keyfiyyəti ilə bağlı sərt qaydalar hazırlanmalıdır", rəyi soruşulanların 11% düçünür ki, reklamlarda yalan məlumat verilməsinə görə konkret olaraq məsuliyyət nəzərdə tutulmalıdır. Sorğuda iştirak edənlərin 25% deyib ki, "televiziyada bəzi verilişlər tamamilə reklama xidmət edir, bu yol verilməzdir".
Layihəyə məsləhətçi ekspert qismində cəlb edilən Zaur İbrahimli nəticələrlə bağlı bildirib ki, ABUC tərəfindən keçirilən sorğu cəmiyyətdə Azərbaycanda reklamların hazırlanması, yayımı, küçə və meydanlarda reklamların yerləşdirilməsi ilə bağlı ümumi ovqatı bir daha diqqətə çatdırıb. Bu münasibət birmənalı olraq pozitiv deyil. İnsanlarımız ümumilikdə reklamların əleyhinə olmasalar da, bu sahəsni tənzimləyən qanunvericilyə yenidən baxılmasını, təkmilləşdirilməsini istəyirlər. Xüsusən televiziyalarda reklamların verilməsi ilə bağlı mövcud vəziyyət ümumi narazılıqla müşahidə olunur. Həmçinin, küçə və meydanlarda reklam lövhələrinin və digər reklam daşıyıcılarının beynəlxalq standartlar nəzərə alınmadan, necə gəldi yerləşdirilməsi insanlarda qıcıq doğurur. Həmçinin, insanlar dərman vasitələrinin reklamı ilə bağlı da yeni qaydaların hazırlanmasının tərəfdarıdırlar. Ekspert hesab edir ki, reklam verən şirkətlər bu məsələlərə xüsusi diqqət yetirməlidirlər, çünki, vəziyyət belə davam etsə onların reklamı faktiki olaraq insanlarda qıcıq yaradan, neqativ təəssürat oyadan antireklam kimi qəbul olunacaq. Burada söhbət hec də relam olunan mallar və xidmətlərdən getmir, problem reklamların hazırlanmasından insanlara hansı formada çatdırılması üsulları ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB