Stalini Tito öldürtdürüb? - EHTİMAL

Stalini Tito öldürtdürüb? - EHTİMAL

Sloveniyada sabiq Yuqoslaviyanın rəhbəri olmuş, diktator kimi qələmə verilən İosif Broz Titonun yeni tərcümeyi-halı çapdan çıxıb. Xəbər verilir ki, tarixçi Yoj Pirjeveç tərəfindən yazılmış kitabda digər, daha məşhur sovet diktatoru İosif Stalinin ölümünə səbəb insultun ehtimal edilən səbəblərindən bəhs olunub. Hələlik yalnız sloven dilində keçmiş Yuqoslaviyadakı arxivlərin materiallarına əsasən yazılmış nəşrdə bildirilib ki, insult məhz Tito tərəfindən göndərilmiş muzdlu qatilin səyləri nəticəsində baş verib.


28 fevral 1953-cü ildə Stalin yaxın ətrafını bağ evinə çağırır. Görüş gecə saat 4-ə qədər davam edir. Sonra evdəkilər dağılışıblar (sonradan onlar rəhbərin hərəkətində hər hansı qeyri-adiliyin müşahidə olunmadığını bildiriblər). Stalin isə yatmağa getməzdən öncə cangüdənləri buraxıb və əmr edib ki, onu oyatmasınlar.


Otağındakı işıq yalnız 18.30-da yanıb. Amma cangüdənlər ora saat 22.00-dan tez girməyə cürət etməyiblər. Onlar içəri daxil olan zaman rəhbəri öz sidiyinin yaratdığı qalığın içərisinə yıxılmış vəziyyətdə tapıblar. Həmin vaxt artıq yerə düşərək sınmış saat isə məhz 18.30-u göstərib.


Həkimləri hadisə yerinə dərhal çağırmayıblar. Elə buna görə də bəzi tarixçilər Stalinin ölümünün planlaşdırıldığını söyləyirlər. Nəhayət, həkimlər gələn zaman rəhbərin insult keçirdiyini müəyyənləşdiriblər. Bundan sonra o, tədricən iflic olub və nəhayət martın 5-də ölüb.


Məlumdur ki, Stalinin əmri ilə əvvəl SSRİ-nin müttəfiqi olmuş, sonradan isə "yolundan sapmış" Titoya qarşı 22 sui-qəsd aktı həyata keçirilib. Kitabda isə yazılıb ki, Stalinin öldüyü gün onun sənədləri içərisindən Titodan göndərilmiş zərf də tapılıb. Həmin sənəddə Tito ona 22 cəhdin lazım olmadığını, yalnız birinin də yetərliliyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə