Oğuzda “Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi” mövzusunda treninq keçirilib - FOTOREPORTAJ - FOTOLAR
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Liderliyə gedən yol" gənc siyasətçilər üçün "Yay məktəbi"nin ikinci turunu davam etdirir. Hazırda Oğuzda "Afra" oteldə yay məktəbinin üçüncü gününü keçirən qrupa "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev rəhbərlik edir. SİA-nın Oğuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, turun üçüncü günündə gənclər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar. Daha sonra isə layihə iştirakçıları Şəki xan Sarayına baş çəkiblər.
Günün ikinci yarısında isə gənclərə "Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirilib.
Tədbirə "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev rəhbərlik edib.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyevanın təklifi ilə proqrama salınan treninqdə moderator olaraq Zəkiyyə Musayeva çıxış edib.
Z.Musayeva ilk öncə gənclərə KİV haqqında məlumat verib. O, Azərbaycanda KİV-in yaranması və inkişafı barədə danışıb. Müasir KİV-in Azərbaycanın ictimai-siyasi həyatında önəmindən söz açan Z.Musayeva ictimai qurumların jurnalistlər üçün press-reliz hazırlaması barədə məlumat verib. "Əgər istəyirsənsə, mediada təmsil etdiyin qurum haqqında vaxtı-vaxtında, dolğun məlumat verilsin, ilk öncə həmin qurumun mətbuat xidmətinin rəhbəri mətbuat konfransını və press-relizləri düzgün hazırlamalı və vaxtını düzgün təyin etməlidir", - deyə o, qeyd edib.
Mətbuat konfranslarının təşkil olunması haqqında geniş məlumat verən moderator jurnalistlərlə rəsmi şəxslərin davranma qaydalarından danışıb.
Z.Musayeva siyasi partiyaların rəsmilərinin mətbuat konfransı zamanı davranışları, jurnalistlərə məlumatın verilməsi, siyasi manevrlər və s. barədə danışıb.
"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev dəyirmi masa ilə mətbuat konfransının fərqindən danışaraq, gənclərə bu barədə geniş məlumat verib. O, konfransların da elmi-praktiki və ictimai olaraq iki yerə bölündüyünü qeyd edib.
Daha sonra qurumların təbliğatın danışan Baş redaktor bu işlərin iki hissədən ibarət olduğunu bildirib: "Onlardan biri qurumların media və cəmiyyətlə əlaqəsi, digəri isə jurnalistin materialı cəmiyyətə düzgün çatdırmasıdır. Hər bir müəssisənin ictimaiyyətlə əlaqələr departamenti və onun rəhbəri olur. Həmin şəxsə qurumun apardığı siyasətin mediaya və cəmiyyətə çatdırılması tapşırılır. Bu şəxsin işini düzgün qurması çox vacibdir. Mətbuat xidmətinin rəhbəri media ilə düzgün əlaqə saxlamasa, cəmiyyət həmin qurumun işini tamamilə yanlış anlaya bilər. Bəzi beynəlxalq təşkilatlar öz istəklərini həyata keçirmək üçün bir neçə media orqanlarına qrantlar ayırırlar və onların vasitəsi ilə ictimai-siyasi həyata təsir etməyə çalışırlar. Bu təşkilatlar Azərbaycan haqqında qərəzli fikirlər formalaşdırmağa çalışırlar".
B.Quliyev gənclərə dünya mətbuatı haqqında məlumat verib. O, həm də gənclər üçün yazılı və elektron mətbuatı müqayisə edib.
Baş redaktor ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında rolundan danışıb. O, ümummilli liderimizin mətbuata söz və fikir azadlığı gətirdiyini, senzuranı ləğv etdiyini diqqətə çatdırıb. B.Quliyev ulu öndərimizin jurnalistlərə xüsusi qayğı göstərdiyini vurğulayıb.
Daha sonra isə tədbir diskussiyalar və praktiki çalışmalar şəklində davam etdirilib.
Elgün Vidadioğlu
Oğuz-Bakı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB