Millət vəkili Bosniya və Hersoqovina parlamentinin rəhbəri ilə görüşüb
Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Bosniya və Hersoqovina parlamentinin rəhbəri Denis Beçiroviçlə görüşüb. SİA-nın verdiyi məlumata görə, Bosniya və Hersoqovina parlamentinin rəhbəri Denis Beçiroviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu və Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyib.
"Bizim aramızda heş bir siyasi problemlər yoxdur və bu iki dost ölkə arasında əməkdaşlığı daha da sürətləndirməliyik" - deyən Bosniya və Hersoqovina parlamentinin rəhbəri Denis Beçiroviç Azərbaycanın getdikcə daha da inkişafına dost ölkə olaraq sevindiklərini də bildirib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, azərbaycanlılar üçün də Bosniya və Hersoqovina dost, qardaş ölkədir. Azərbaycanın da Bosniya və Hersoqovina ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini deyən millət vəkili Qənirə Paşayeva parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu bildirib. O deyib ki, iki ölkənin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında da əməkdaşlığın daha da genişlənməsi olduqca vacib və əhəmiyyətlidir. Bosniya və Hersoqovina parlamentinin rəhbəri Denis Beçiroviçi Azərbaycanda görməkdən bütün azərbaycanlıların məmnun qalacağını deyən millət vəkili Azərbaycanla bağlı, ölkənin potensialı, imkanları, əldə etdiyi uğurlar, inkişafla bağlı parlament rəhbərinə ətraflı məlumat verib və bununla bağlı materiallar, kitablar, fimlər təqdim edib. Millət vəkili Qənirə Paşayeva 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən danışıb. Xocalı Soyqırımına toxunan millət vəkili bildirib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan bosniyalı qardaşlarımızı hər kəsdən daha yaxşı anlayır. Bu gün Srebrenitsa Soyqırımının anım günü olduğunu vurğulayan millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlar bu cür cinayətlərə laqeyid qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdırlar. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün Srebrenitsa bölgəsində Srebrenitsa Soyqırımı qurbanlarının anım tədbirlərində də iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB